Psixologiya nədir?
Psixologiya – yunanca ruh, ruhi aləm və bilik, öyrənmək, elm sözlərinin birləşməsindən yaranan sözdür. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.
Psixoloq kimdir?
Psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan şəxslər psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiya sahələridir. Psixoloq həkim deyil, dərman yazmır. Psixoloq nə psixiatr, nə də parapsixoloqdur. Psixoloq – sağlam insanlarla işləyən, onlara düşdükləri çətin situasiya və qarşılaşdıqları problem kimi görünən hadisələrdə özlərini necə aparacaqlarına dair məsləhət verən mütəxəssisdir.
Klinik psixoloq psixologiya üzrə təhsil aldıqdan sonra klinik psixologiya sahəsində magistr dərəcəsini bitirmiş mütəxəssisdir. Diaqnoz qoymaq və terapiya aparmaq bacarığına malikdir. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.
Psixoloji narahatlıqların bir çoxu dərman dəstəyi olmadan, konsultasiya vasitəsilə aradan qaldırılan problemlərdir. Bir çox araşdırmalar bəzi terapiya üsullarının farmakoterapiyadan daha təsirli olduğunu sübut edib. Bəzi psixoloji narahatlıqlar qısamüddətli, bəziləri isə daha uzunmüddətli seansları zəruri edir. Bu müddət problemin yaranmasına gətirib çıxaran səbəblər, problemin dərinliyi, dərəcəsi, başlanğıc zamanı kimi faktorlardan asılıdır.
Problemin dərəcəsi çox olduğu və terapiyaya təsir göstərdiyi halda, medikamentoz, yəni dərman terapiyasından istifadə olunur. Dərman, sadəcə, dəstəkləyici rol oynayır, müalicə etməkdən daha çox simptomları azaltmaq və psixoloji vəziyyəti korreksiya etməyə kömək edir.
Bəzi psixoloji problemlər bioloji səbəbdən qaynaqlanır, buna görə də dərman terapiyasına ehtiyac duyulur. Lakin psixoloji səbəblərdən qaynaqlanan problemin terapiyasında dərman heç bir rol oynamır. Psixoterapiya vasitəsilə problemləri həll etmək, səbəb olan faktorların fərqinə vararaq onları dəyişmək öyrədilir.
Psixoloji narahatlıq yaşadığını düşünən şəxs öncə psixoterapevtə müraciət etməlidir. Bu şəxs klinik psixoloq və ya psixoterapiya təlimlərindən keçmiş psixoloq da ola bilər. Dəyərləndirmə zamanı dərman terapiyasına ehtiyac duyularsa, bu zaman mütəxəssis pasienti psixiatra yönləndirir.
Bir çox psixoloq təhsilini müxtəlif psixoloji istiqamətlər üzərində davam etdirir – psixoanaliz, geştalt terapiya, NLP və s. İxtisaslaşmış psixoloqlar çalışdıqları istiqamətdə böyük praktik təcrübəyə malik olduqları üçün pasiyentin probleminin həllində daha məhsuldar olurlar.
Psixiatriya nədir?
Psixiatriya – almanca və latınca sözlərin birləşməsindən yaranmış sözdür. Psixiatriya kliniki tibb bölməsidir. Ruhi xəstəliklərin öyrənilməsi və müalicəsi ilə məşğuldur. İnsanın davranış dinamikalarını biopsikososial olaraq açıqlamaq üzərində çalışan və normal ilə normaldan kənar (xəstəlik) davranışları təsnif edərək müalicə etməyə çalışan tibb elmi və ruh həkimlikdir.
Psixiatr kimdir?
Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək, əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. İnkişaf etmiş ölkələrdə 4 və ya 6 il psixiatriya üzrə əlavə təhsil aldıqdan sonra psixiatr ixtisası alınır.
Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s.) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq, problemi dərmanlar təyin etməklə həll edirlər. Psixiatr psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, eyni zamanda dərmanla müalicəni həyata keçirir. Psixiatr tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq hüququna malikdir. Hər psixiatr, psixoterapevt deyil. Psixiatr psixoterapiya aparmaq üçün lazımı təhsili almalı və superviziyalarda iştirak etməlidir.
Psixoterapevt kimdir?
Psixoterapiya müalicə metodudur. Bu işi həyat keçirən şəxs isə psixoterapevtdir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər. Hər psixoloq psixoterapevt deyil. Müəyyən əlavə təhsillə psixoterapevtik texnikalara yiyələnmiş, eyni zamanda bunların tətbiqini aparıb, uyğun nəticələr əldə etmiş şəxslər psixoterapevt sayılır.