Dünən instagramda olan səhifələrin birindən corablar aldım. Bu corabları xarici onlayn satış səhifələrində də görmüşdüm. Daha ucuz idi və daha çox seçim var idi, ancaq kiçik bir hədiyyə etmək istəyirdim və onları qısa zamanda əldə etməliydim. Ona görə də həmin səhifədən aldım. Elə bunu alanda da düşündüm ki, çox əla bir blog yazmalıyam. Hamınızın xoşu gələcək təkliflərim var.

Əzizlərim, indi texnologiya dövrüdür və inanılmaz dərəcədə çox biznes fikirlərini buradan tapa bilərik. Mən bir az araşdırdım və özümün də təcrübəsinə dayanaraq sizə bir-iki fikir təqdim etmək istəyirəm.

Ev heyvanlarının dostu

Bu fikir artıq uzun müddətdir ki, ağlımdadır. Mənim bunu etməyə vaxtım yoxdur, ancaq əminəm ki, tələbələr və başqaları üçün əla işdir. Əminəm ki, bunu edənlər də var. Xaricilərdə çoxdan formalaşmış bir işdir əslində. Tadaaaa ideyam- itləri gəzdirmək! İti olan hərkəsin onu gəzdirməyə vaxtı yoxdur. Bəzən yorğun da ola bilirsən. Hər gün eyni işi görmək də bezdirə bilir, ancaq it mütləq gəzməlidir. Siz də belə bir xidmət təklif edə bilərsiniz. Lazım olan sadəcə nömrənizi lazımi qruplarda paylaşmaqdır. Daha sonra işlər çoxaldıqca qrup yığa bilərsiniz, özünüzün qaynar xətti də ola bilər. Heyvansevərlər üçün əla bir işdir deyə düşünürəm!

Şəhərini tanıt

Əgər dil bilikləriniz varsa və yeni insanlarla tanış olmağı sevirsinizsə tur rəhbəri olaraq işləyə bilərsiniz. Mənim də belə bir təcrübəm var. Çox maraqlıdır və ödəniş də yüksəkdir. Mən 2 il bundan əvvəl 1gün üçün 100USD ödəniş alırdım. Sadəcə maraqlı mövzulara toxunmağa çalışın və fərqli yerləri gəzdirin.

Öz bacarığından pul qazan!

Yaxşı rəsm çəkə bilirsən? Yaxşı musiqi zövqün var? Və ya təşkilatçılığı sevirsən? Əl qabiliyyətin var? Dadlı bişirirsən? O zaman biznesini qurmaq daha asandır. İnstagram səhifəsi açaraq bacarığınızı göstərə bilərsiniz. Beləliklə, həm də yaxşı gəlir əldə edəcəksiniz.

Scrapbooking

Bu nədir? Özəl xatirələr üçün olan albom! Kiçik pul qazanılacağını düşünsəniz də, xüsusi maraqla hazırlanmış xatirə kitabları çox sevilir və çox sifariş almış ola bilərsiniz. Sadəcə fərqli və gözəl bir şeylər təklif edəcəyinizdən əmin olun.

Öyrətmək

Əgər öyrətmək qabiliyyətiniz varsa, bunu da dəyərləndirə bilərsiniz. Özəl dərs demək də əlavə gəlir gətirir. Yaxşı bildiyiniz bir şeylər varsa, onu öyrətməklə həm başqasına kömək edə bilərsiniz, həm də kiçik gəlir işinizə yaraya bilər. Hətta, bəzi insanlar dərs deməklə kurs açıb, daha böyük işlər də görüblər.

Bu da sizin üçün fikirlər! Əsas olan hər zaman motivasiyada qalın və sevdiyiniz işi tapmağa çalışın. Okay, sevdiyiniz iş olmasa belə yaxşı maaşı olsun heç olmasa. Heç biri olmasa özünüzü kəşf etməyin vaxtıdır demək ki! Önəmli olan özünüzü tanıyın və hər zaman addımlayın. Unutmayın kiçik addımlar belə hərəkətsiz qalmaqdan daha yaxşıdır.