SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) əməkdaşının şəxsi həyatındakı problemlər Soyuq Müharibə dövründə Sovet İttifaqı üçün ən böyük casus qalmaqallarından birinə səbəb olur, və 1971-ci idə 105 diplomatın Böyük Britaniyadan deportasiyası ilə nəticələnir. Bu hadisədən sonra SSRİ nə öz agentlik şəbəkəsini nə bərpa edə, nə də həmin şəxsi məsuliyyətə cəlb edə bilir. “Lyalin olayı” Qərb mətbuatında böyük əks-səda yaratsa da, Sovet İttifaqında bu qalmaqal tamamilə diqqətdən kənarda saxlanılır.

KQB-nin planına Şotlandiyanın cənubunda yerləşən Holy Loch körfəzindəki suyun radioaktiv maddələrlə çirkləndirilməsi daxil idi.

Uzun müddət hesab olunurdu ki, 34 yaşlı KQB zabiti Oleq Lyalin Böyük Britaniyada polis onu içkili vəziyyətdə sükan arxasında ikən saxlayandan sonra, özünün toxunulmazlığı müqabilində SSRİ-nin casus şəbəkəsini və təxribat planlarını britaniyalılara açıqlayıb. Lakin bu yaxınlarda, 60-70-ci illərdə yaxından əməkdaşlıq edən Federal Təhqiqat Bürosu (FBI), Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və Britaniyanın kəşfiyyat xidməti MI5-in deşifrələnən arxiv sənədlərində Sovet İttifaqının agent şəbəkəsinə qarşı əməliyyatın bir neçə il boyu dəqiq bir şəkildə planlaşdırıldığı üzə çıxıb. Lakin o zaman artıq ikili agent olan və MI5-dən narazı Lyalinin nəqliyyat qaydasını pozması bu əməliyyatın vaxtından əvvəl həyata keçirilməsinə gətirib çıxarır.

Lyalinin sayəsində Britaniyadan qovulan SSRİ vətəndaşları arasında ticarət nümayəndəliyinin, Sovet İttifaqı səfirliyinin, İnturistin, Moskva milli bankının London filialının, Soveksportfilmin, Aeroflotun və bir sıra digər ticarət şirkətlərinin işçiləri olub.

Mister Lyalin

“Sənin mənimlə belə danışmağa haqqın yoxdur. Mən KQB zabitiyəm,” deyə sərxoş Lyalin polis maşınında bağırırdı.

O zaman polis zabiti Çarlz Şirer Lyalinin bu sözlərinə önəm vermir. Lakin bir neçə gün sonra Sovet casusun adı və şəkilləri bütün qəzetlərdə dərc olunur, onun həbsindən sonra baş verənlər isə beynəlxalq qalmaqala səbəb olur. Açıq mənbələrdə sabiq KQB agenti ilə bağlı çox az məlumat olsa da, 2018-ci ilin fevral ayında CIA və MI5-ın ictimaiyyətə açıqlandığı arxiv materiallarında onun həyatına dair önəmli məlumatlar yer alır.

Oleq Lyalin
Oleq Lyalin



Lyalin 1937-ci ildə Stavropolda anadan olur. O, KQB-nin bir neçə məktəbində təlim keçir. 60-cı illərdə o, Sovet İttifaqının ticarət üzrə nümayəndə heyətinin tərkibində məxfi iş görmək üçün Londona göndərilir.

Böyük Britaniyada ikən Lyalin agent və informantları “verbovka” edir. Rəsmi olaraq isə o, Londonda ticarət nümayəndəliyinin sıravi əməkdaşı hesab olunur. Bütün bu zaman ərzində onun həyat yoldaşı Rusiyada qalır.

Daha sonra Lyalinin Britaniya əks-kəşfiyyat əməliyyatçılarına verdiyi məlumata görə, Sovet İttifaqının kəşfiyyatçıları ölkədə elə bir vəziyyət yaratmaq istəyirdilər ki, ordunun itaətsiz olduğunu göstərsinlər və bu, siyasi böhrana səbəb olsun.

Lyalinin şahidlərinin dediklərinə görə, KQB-nin planına Şotlandiyanın cənubunda yerləşən Holy Loch körfəzindəki suyun radioaktiv maddələrlə çirkləndirilməsi daxil idi. Həmin zaman orada Amerika donanmasının bazası yerləşirdi, radiasiya isə təkcə dənizi deyil, həm də sahildəki içməli su mənbələlərini çirkləndirəcəkdi. Lakin bu planın həyata keçirilməsinə dair göstəriş verilmir.

İkili agent

Lyalinin nə üçün Britaniyanın kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyinə dair bir neçə fərziyyə var. Lakin bütün mənbələr bir şeyə işarə edir: bunun əsas səbəbi onun ticarət nümayəndəliyiin katibi İrina Teplyakova ilə sevgi macərası olur.

Bu hadisə mətbuatda yer alanda, jurnalistlər əmin idi ki, Lyalin Sovet agentləri ilə bağlı məlumatı içkili vəziyyətdə maşın idarə etdiyinə görə həbs olunandan sonra Britaniya hüquq-mühafizə orqanları ilə paylaşıb.

Sovet mətbuatında bu qalmaqal işıqlandırılmır, lakin 90-cı illərin ortalarına aid bir neçə nadir nəşrlərdə, MI5 agentlərinin Lyalinin rəhbərinin həyat yoldaşı ilə eşq yaşadığı öyrənəndən sonra, 1971-ci ilin mayında onu şantaj edərək Britaniya əks-kəşfiyyatı ilə əməkdaşlıq etməyə vadar etdiyi bildirilir.

Lyalinin sirrini KQB-yə və Rusiyada qalan həyat yoldaşına söyləməklə hədələyən kəşfiyyat rəsmiləri bir neçə ay ərzində Lyalindən bəzi məlumatlar və digər casusların adlarını öyrənir. Bir başqa fərziyyə isə odur ki, Teplyakova Britaniya əks-kəşfiyyatının agenti olur.

MI5 və FBI-ın arxiv sənədlərində bildirilir ki, işi və evliyilndən narazı olan Lyalin özü 1971-ci ilin baharında kəşfiyyat xidmətinə üz tutur. Moskvanın planlarını açıqlamaq qarşılığında o, toxunulmazlıq və deportasiya tələb edir. Lyalin Rusiyaya geri dönüb, orada həyat yoldaşından boşanmağı planlaşdırır, Moskvadakı “iş yoldaşlarının arasında hörmət qazanmaq” üçün isə MI5-dən ona “persona non-grata” statusunun verilməsini, yəni onun Britaniyaya daxil olmasına qadağa tətbiq edilməsini istəyir.

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyində Oleq Lyalinlə bağlı məlumat
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyində Oleq Lyalinlə bağlı məlumat


Qərb mətbuatınında Oleq Lyalin haqda “supercasus” kimi bəhs edilməsinə baxmayaraq, Amerika və Britaniya kəşfiyyatının agentləri öz aralarında ondan istehza ilə bəhs edirlər. KQB-dəki onillik karyerasında Lyalin kapitan rütbəsindən yuxarı bir rütbə əldə edə bilmir və ona mühüm işlər tapşırılmır. Onun Rusiyaya göndərilməsi məsələsi yubadıldığı arada isə o, içkili vəziyyətdə maşın idarə etdiyinə görə həbs olunur.

Britaniya Daxili İşlər Nazirliyi 105 Sovet nümayəndəsinin ölkədən çıxarılması ilə bağlı xəbər verir. Buna cavab olaraq SSRİ də ölkədən 18 britaniyalı diplomatı çıxarır.

Onun həbsindən dərhal sonra ticarət nümayəndəliyin onun üçün 50 funt zəmanət ödəyir. Lakin bir neçə gün sonra baş tutması gözlənilən məhkəməyə qədər KQB Lyalinin izini tirir. Lyalin müəyyən olunmayan səbəbdən polis idarəsini heç bir müşayiətçi və ya mühafizəçi olmadan tərk edir. O, evdə bütün qeydlərini toplayır və dərhal MI5 ilə əlaqə saxlayır. Onun üçün Teplyakovanı ailəsini qoyub getməyə inandırmaq da uzun zaman almır.

Üç həftə sonra Britaniya Daxili İşlər Nazirliyi 105 Sovet nümayəndəsinin ölkədən çıxarılması ilə bağlı xəbər verir. Buna cavab olaraq SSRİ də ölkədən 18 britaniyalı diplomatı çıxarır.

Sovet əks-kəşfiyyat idarəsinin sabiq rəhbəri Oleq Kalugin öz memuarında qeyd edib ki, bu insidentdən sonra KQB-nin qəzəblənmiş başçısı Yuri Andropov şəxsən Lyalinin aradan qaldırılmasına dair göstəriş verir. Lakin agentlər onu tapmaqda müvəffəq olmur, çünki Lyalin və Teplakovaya yeni sənədlər verilir. Bəzi məlumatlara görə isə, onların xarici görünüşləri də dəyişdirilir.

Lyalindən öncə

Britaniya kəşfiyyatının gizli mənbələrinə əsasən, Britaniya daxilində Sovet kəşfiyyatına qarşı əməliyyat Lyalinin MI5-lə əməkdaşlıq etməsindən bir neçə ay öncə planlaşdırılmağa başlayır. Əks-kəşfiyyat icması daxilində bu əməliyyata FOOT adı verilir. FBI-ın milli kəşfiyyat idarəsinin rəhbəri E.S. Miller də daha sonra bu məlumatı təsdiqləyir.

Britaniya kəşfiyyatı 50-ci illərin ortalarından etibarən ölkədə rus kəşfiyyatının əməkdaşlarının artdığını müşahidə edir. Onlar 1968-ci ildən başlayaraq Sovet İttifaqının Böyük Britaniyadakı rəsmi nümayəndiliklərinin fəaliyyətini aktiv şəkildə izlməyə başlayır.



Üstü açılan arxiv materiallarında bildirilir ki, kəşfiyyat xidməri uzun müddət ölkə rəhbərliyini, hətta Lyalin MI5-lə əməkdaşlıq edərkən belə, Sovet casusları ilə bağlı addım atmağa inandırmağa çalışır, lakin heç bir nəticə əldə etmir. Lyalinin içkili vəziyyətdə həbs olunması ilə birlikdə isə Britaniya rəhbərliyi sonunda ölkədən çox sayda Sovet diplomatını çixarmağa qərar verir.

Lyalin Londonda yerləşən ABŞ səfirliyində, “SHELL” neft şirkətində, beynəlxalq təşkilatlarda, ABŞ, Kanada və Kolumbiyada çalışan Sovet agentləri və infromatlarının adlarını açıqlayır.

Oleq Lyalin on il boyu topladığı bütün məlumatları Britaniya kəşfiyyatına təqdim edir. Onlar isə bu məlumatların çoxunu ondan öncə ələ keçirir, daha sonra isə Lyalininin məlumatları isə müqayisə edir və onların üst-üstə düşdüyünü aşkar edir.

Lyalin Londonda yerləşən ABŞ səfirliyində, SHELL neft şirkətinin təhqiqat şöbəsində, bir çox beynəlxalq təşkilatda, habelə ABŞ, Kanada və Kolumbiya ərazisində çalışan Sovet agentləri və infromatlarının adlarını açıqlayır.

Sovet İttifaqının kəşfiyyat xidməti Lyalini tapa bilmir. Britaniya kəşfiyyatının məlumatına görə, o, “ölümcül xəstəlik nəticəsində” 1995-ci ildə dünyasını dəyişir, lakin britaniyalılar onun xəstəliyinin nə olduğunu heç vaxt dəqiqləşdirmir.