Müasir dövrdə nə qədər mahnılar yazılsa da, yeni qruplar yaransa da əksər musiqisevərin ağlında ötən əsrin mahnılarıdır. Tərz, səs, profesionallıq və sair cəhətlərinə görə o ifalara çata bilən demək olar ki yox səviyyəsindədir. Sözün əsl mənasında “şedevr” sayılacaq, dünyaca məşhur qrupların öz dövrələrində əldə etdikləri uğurlar, rekordlar haqqında məlumat verəcəyik. 🙂

60-cı illərin əvvəllərində “The Beatles” dahi ingilis qrupunun meydana çıxması ilə rok musiqisinin tarixində yeni mərhələ başlanır. Bu məşhur kvartetin gözəl, melodik mahnıları ona dünya şöhrəti qazandırır; qrupun üzvləri Con Lennon və Pol Makkartni rok musiqisinin ən tanınmış bəstəkarları sırasına daxil olurlar. The Beatles qrupunun son, “Sgt.Pepper” albomu isə rok musiqisinin sadə əyləncə vasitəsindən musiqinin ciddi, müstəqil növünə çevrilməsini qabarıq şəkildə nümayiş etdirir. 1970-ci ildə fəaliyyətini dayandır-mış “The Beatles” əbədi olaraq dünya musiqisinin tarixinə ən məşhur rok qrupu kimi daxil olub. 1980-ci ildə Con Lennonun fanatik pərəstişkarı tərəfindən qətlə yetirilməsi XX əsr musiqi aləmində baş ver-iş ən faciəli hadisələrdən biridir.

Qrupa aid rekord: “The Beatles” qrupunun 15 albomu dünyanın nüfuzlu hit-paradlarında birinci yeri tutmuşdur.

60-cı illərdə meydana çıxmış başqa bir rok qrupu “The Rolling Stones” öz mahnılarında ictimai duruma qarşı etiraz motivləri ilə, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə, eləcə də musiqidə melodiyaya deyil, ritmik cəhətlərə üstünlük verilməsi ilə The Beatles qrupundan çox fərqlənirdi. Bu iki qrup ətrafında birləşmiş pərəstişkarlar bir-birilə rəqabət aparan sanki iki cinaha ayrılmışdı. Onu da qeyd edək ki, bütün hit-paradlarda “The Rolling Stones” müntəzəm olaraq “The Beatles”dən sonra ikinci yeri tuturdu.

Qrupa aid rekord: Rolling Stones rok qrupları arasında ən çox — 39 qızıl diskə layiq görülmüşdür. Pol Makkartni isə kişi müğənniləri arasında ən çox — 13 platin diskin sahibi olmuşdur.

Çox keçmir ki, yeni və bəlkə də ən geniş yayılmış hard-rock (yəni “ağır rok”) üslubu meydana çıxır: onu təmsil edən “Led Zeppelin“, “Deep Purple” və “Black Sabbath” qrupları rok musiqisi sahəsində çox yüksək zirvələr fəth edirlər. Ağır blüzü xalq musiqisinin xüsusiyyətləri ilə birləşdirmiş “Led Zeppelin” təxminən on il ərzində ABŞ-ın və Avropanın ən nüfuzlu hit-paradlarında müntəzəm olaraq birinci yeri tutur. “Led Zeppelin”-in daimi tərəf-müqabili “Deep Purple” qrupu ağır roku klassik musiqi ilə əlaqələndirməyə səy göstərir. 1976-cı ildə fəaliyyətini dayandıran “Deep Purple” 80-ci illərin ortalarında böyük uğurla yenidən səhnəyə qayıdır.

Rok-musiqinin tarixində elə qruplar da var ki, onlar heç bir cərəyanın çərçivəsinə sığmır. Söhbət ilk növbədə “Pink Floyd”, The Doors, Queen və Jethro Tull qruplarından gedir. Pink Floyd 60-cı illərin ortalarında İngiltərədəki bədii kolleclərin tələbələri tərəfindən yaradılmış, sonra isə dünyanın ən populyar rok qrupuna çevrilmişdir. Onların “Dark Side of the Moon” albomu ABŞ-da 200 ən yaxşı albomun siyahısında özünə möhkəm yer tutmuşdur. Qrupun şah əsərlərindən biri tənhalıq, qarşılıqlı anlaşılmazlıq probleminə həsr olunmuş “The Wall” rok-operasıdır. Pink Floyd həmçinin səs, işıq, animasiya və kino effektlərinin istifadəsi ilə hazırlanmış möcüzəli şou konsertləri ilə məşhurdur.

Qrupa aid rekord: Pink Floyd qrupunun “Dark Side of the Moon” albomu (1973) 741 həftə ərzində hit-paradlardan düşməmişdir.

1972-ci ildə İngiltərədə təşkil olunmuş “Queen” qrupu lirik ballada, hard-rok və operetta ənənələrini özünəməxsus tərzdə əlaqələndirmişdir. Qrupun yaraşığı, onun rəhbəri və solisti Freddi Merkürinin zəngin, ifadəli səsi və gözəl aktyorluq qabiliyyəti qrupun ifa etdiyi kompozisiyalara xüsusi təsir gücü aşılayırdı. 1981-ci ildə Freddinin AIDS-dən vəfat etməsi “Queen” qrupunun parlaq karyerasına son qoyur.



70-ci illərin ikinci yarısında rok mürəkkəb dövrünü yaşayır. Dünyanın aparıcı qrupları böhran vəziyyətinə düşür, dinləyicilər arasında daha sadə və yaxud qalmaqalçı musiqiyə maraq oyanır. Bir tərəfdən disko, digər tərəfdən isə pank-rok cərəyanları yaranır.

Diskonun əsas xüsusiyyətləri gitara, barabanlar və digər “canlı” alətlərin sintezatorlarla əvəz olunması və musiqinin həmişə eyni tempdə — bir dəqiqəyə 112 zərbə düşmək şərtilə səslənməsidir. “Disko kraliçası” amerikalı müğənni Donna Sammer, İsveçrənin ABBA, İngiltərənin Bec Yees, Yamayka mənşəli musiqiçilərdən ibarət Boney M qrupları diskonun ən parlaq təmsilçiləridir. 80-ci illərin əvvəlində diskonun bir qədər yeknəsəq və “şirintəhər” xarakterinə etiraz əlaməti olaraq pank-rok üslubu meydana çıxır. Musiqinin nəzəri əsaslarından heç xəbərləri olmayan, çalmağı, oxumağı heç əməlli-başlı bacarmayan panklar kəskin, qeyri-melodik, “təcavüzkar” musiqi ifa edirlər. Bu cərəyanı təmsil edən “Sex Pistols” qrupunun müğənnisinin köynəyindəki “Mən Pink Floyda nifrət edirəm” yazısı qrupun mövqeyini açıq-aşkar bildirirdi. Lakin pank-rok çox keçmir ki, “new wave” (“yeni dalğa”) cərəyanı ilə əvəz olunur. Yeni dalğaya aid olan bir qrup ifaçı 60-cıların rok-n-roll ənənələrini canlandırmağa çahşır (U-2); digər musiqiçilər elektron musiqi alətlərini geniş tətbiq edirlər (Depeshe Mode, Duran Duran, Pet Shop Boys); nəhayət, bir çox sənətkar Yamayka musiqisinin “reqqi” üslubuna müraciət edir (Bob Marli, Police). Yeri gəlmişkən, Police qrupunun solisti Stinq sonradan solo ifaçı kimi dünya şöhrəti qazanır.

New wave“lə bərabər, “heavy metal” (“ağır metal”) üslubu da yaranır. Hard-rokun yeni mühitdə davamı olan hevi metal sanki “Deep Purple“, “Led Zeppelin” və “Black Sabbath“-ın yaşa dolmuş pərəstişkarları tərəfindən ifa olunur, lakin musiqinin səs keyfiyyəti daha da ağırlaşır, templər isə sürətləndirilir. Metallica, Iron Maiden və Megadeth qruplarının kompozisiyaları onlara dünya şöhrəti gətirir.

80-ci illərdəki rok və pop musiqisinin nəzərəçarpan xüsusiyyətlərindən biri də videoklip industriyasının yaranmasıdır. Bu dövrdən etibarən mahnı qısa musiqili film — videoklip vasitəsilə də təqdim oluna bilər. Məşhur MTV fırmasının 1982-ci ildə gecə-gündüz fasiləsiz kommersiya kanalının açılması videokliplərin istehsalına mühüm təkan verir. Sözsüz, videoklip hər bir mahnıya xüsusi yaraşıq vermək, onu kiçik bir tamaşaya çevirmək məqsədi güdür. Lakin əfsuslar olsun ki, bəzən böyük ustalıqla çəkilmiş videokliplər səviyyəsiz, bəsit mahnıların, istedadsız müğənnilərin süni şəkildə ucaldılmasına gətirib çıxarır və bu, müasir şou-biznesin mənfi tərəflərindən biridir. 80-ci illərdə qrupların əvəzinə ayrı-ayrı solistlər meydana çıxıb geniş rəğbət qazanırlar.

Michael Jackson, Madonna, Prins, Tina Törner, Brüs Sprinqstin və başqalarının albomları misli görünməmiş tirajlarla istehsal olunur. 80-ci illərdə maraqlı bir üslub — musiqinin müşayiəti ilə sürətli ritmik danışıq prinsipinə əsaslanan hip-hop (və ya rep) üslubu meydana çıxır. ABŞ-ın böyük şəhərlərində qara əhalinin yaşadığı məhəllələrdə yaranmış hip-hop üslubunun ulduzları da əsasən qaradərili ifaçüar — Em Si Hammer, Ays Kyub və Tupak Şakurdur.

Michael Jackson-a aid rekord: Onun 47 milyon nüsxəsi satılan “Thriller” albomu (1982) dünya rok və pop musiqisinin ən populyar albomu hesab olunur.