- Ümumiyyətlə, mən illustrator olmağa hazırlaşırdım, amma fikrimi dəyişdirdiyimə məmnunam.
- 9 ilimi məktəb-pansionda keçirmişəm, valideynlərimi nadir hallarda görürdüm. Nəticədə öz problemlərimi özüm həll etməyi və öz ayaqlarım üzərində durmağı öyrəndim.
- Gəncliyimdə ümumiyyətlə pulum olmadığı zamanlarda, az-maz, belə deyək, iki həftə pul yığırdım, sonra isə onları bir gündə böyük məmnuniyyətlə xərcləyirdim.
- Əzizlərim, mən sadəcə olaraq musiqi fahişəsiyəm.
- İnsanlar sevməyə və ayrılmağa davam edirlər – bu tükənməz prosesdir, mən isə bu barədə musiqilər yazmaqda davam edirəm.
- Mahnılar yeni paltarlar, yaxud köynəklər kimidirlər; sən onları müəyyən müddət geyinirsən, sonra isə canını onlardan qurtarırsan.
- Rod Stüart, Elton Con və mən qrup yaratmaq və onu özümüzün şərəfinə “Saçlar, Burun və Dişlər” adlandırmağa hazırlaşırdıq, amma heç cür alınmadı, çünki adda sözlərin sıralanması məsələsində razılığa gələ bilmədik. Mən əlbəttə, hesab edirəm ki, “Dişlər” birinci gəlməlidir.
- Əgər taleyimə sabah ölmək yazılıbsa, mən buna görə təəssüflənmərəm. Həqiqətən bacardığım nə varsa, hamısını eləmişəm.
- Mən sabah üçün yaşayıram. Rədd olsun bu gün.
- Boğuq səsim xoşuma gəlir, siqaret çəkməkdəndi, mən elə buna görə çəkirəm ki, səsim boğuq çıxsın.
- Mənimçün ən çətin şey növbəti konsert üçün kostyum fikirləşib tapmaqdır: mən artıq hər şey geymişəm.
- Səhnədə mən ekstravertəm, həyatda necə olduğuma gəldikdə isə, bu tamam başqa məsələdir.
- Dişlərim xoşuma gəlmir, çölə boylanırlar. Düzəltmək fikrindəyəm, amma heç cür vaxt edə bilmirəm. Qalan məsələlərdə isə mən idealam.
- Mən konsertlər vermirəm, moda nümayişləri keçirirəm.
- Problemlərim nə qədər çoxdursa, mahnılarım bir o qədər yaxşı olur.
- Mənim sevgim təhlükəlidir. Bəs kim təhlükəsiz sevgi istəyər ki? Təsəvvürünüzə gətirin mən “Mənim sevgim təhlükəsizdir” adlı mahnı yazmışam. O, heç vaxt satılmazdı.
- Mən çox tez vuruluram və buna görə həmişə əzab çəkirəm.
- Sənin hər şeyin ola bilər, amma bununla belə, sən həmişə tənha ola bilərsən və bu tənhalığın ən kədərli növüdür.
- Uğur mənə milyonlarla pərəstişkar və funt sterlinqlər qazandırdı, amma bizim üçün vacib olan bir şeyi məndən aldı – davamlı münasibətləri.
- Mən vaxtın çarxını saxlaya və özümü münasibətlərə həsr edə bilmirəm, çarx fırlanır – ona görə də mənimlə birlikdə yaşamaq və xoşbəxt olmaq çətindir.
- Məhəbbət – rus ruleti kimidir. Heç kim mənim əslimi sevmir, hər kəs mənim məşhurluğumu və şöhrətimi sevir.
- Bir kişini bir qızı sevdiyim tək sevə bilmirəm.
- Mənim həqiqi dostlarım yoxdur. İnsanları çox yaxınıma buraxanda, elə bilirəm onları məni məhv edirlər.
- O qədər çox pul qazanmışam ki, əlimi-qolumu sallayıb yaşasam, ömrümün sonunadək çatar, ancaq axı mən bir işlə məşğul olmalıyam. Enerjim çoxdur və o necəsə tükənməlidir. Yataqda mən boş-boşuna gün keçirə bilmərəm.
- Zirvəyə dırmanandan sonra təkcə bir yol qalır – aşağı və bu ən çətinidir.
- 3-4 saatlıq yuxu mənə bəs edir. Enerjimi bərpa edirəm və yenidən döyüş meydanına atılıram.
- Xoşbəxtliyi almaq olmur, amma pul onu tapmağa kömək edə bilər.
- Çox istərdim Viktoriya epoxasında yaşayım və o nəfis xaosun əhatəsində olum.
- Bir vaxtlar Hollivud filmlərinə baxanda, hadisələrin baş verdiyi möhtəşəm evlərdən mənim də olmasını istəyərdim. Hazırda belə bir evim var, ancaq mənimçün vacib olan bu zəhrimara qalmış evləri almaq üçün pul qazanmaq idi, nəinki ona köçmək. Görünür mən o insanlardanam ki, nəyəsə nail olanda, ona olan marağı itir.
- Əlbəttə, malikanəmdə valideynlərim və itlərim yaşayır, amma var-dövlətimin əsas hissəsi Meri Ostinə çatacaq.
- Müasir incəsənət qadına bənzəyir, əgər onu başa düşməyə çalışsaz, zövq ala bilməyəcəksiz.
- Mən dünyanı dəyişməyə hazırlaşmıram. Xoşbəxtlikdir mənimçün vacib olan, xoşbəxt olmaq və həyatdan həzz almaq. Ömrümün qalan illəri ərzində bacardığım qədər həyatdan zövq almaq istəyirəm.
- 20 ildən sonra nə edəcəm? Əlbəttə ki, ölmüş olacam!
- Nə qədər çox olsa, o qədər yaxşıdır, hər şeydə.
- “Triller” albomu heyratamiz uğur qazanandan sonra, Maykl Ceksonla mən bir-birimizdən aralandıq. O sadəcə olaraq, öz dünyasına qapandı. Ondan az əvvəl biz gecə klublarına gedərdik, indisə o öz qəsrindən çölə addım atmır. Bu kədərlidir.
- Mən demək olar kitab oxumuram, mənə bu vaxt itkisi kimi gəlir. Bilirəm, bu sözlərə görə məni öldürə bilərlər.
- Jurnalistlər məni yontulmamış vəhşi kimi qələmə vermək üçün sinov gedirlər, “Queen”in digər iştirakçıları isə elə bil sudan çıxmış ağ qaşıqdırlar, əlbəttə ki, bu belə deyil. Mən sizə Brayan Mey haqqında elə şeylər danışaram, əliniz üzünüzdə qalar!
- Konsertdən sonra bizi çıxışda dörd limuzin gözləyir, hərə özününkünə minib öz yoluyla gedir. Mətbuat mənə nifrət edir, mən də onlara.
- Çox istəyərdim qəzetlər mənim haqda heç vaxt belə yazmasınlar: “O, əslində möhtəşəm insandır”, — axı mənim daxilimdə həm işıq var, həm də zülmət.
- Mən buqələmun kimi hər gün dəyişirəm. Hər gün eyni olmaq istəmirəm.
- Bəzən özüm özümə çay qoymalı oluram, bu ağır zəhmətdir.
- Öləndən sonra cənnətə düşmək istəmirəm, cəhənnəm daha yaxşıdır. Orada qarşınıza çıxacaq maraqlı insanları bir gözünüzün qarşısına gətirin, siz də orada olmaq istəyəcəksiz.
- Ölümdən sonra mənim barədə düşünüb-düşünməyəclər. Bu mənim işim deyil. Mən ki ölmüş olacam, nə vecimə.
- 70 yaşa qədər yaşamağa bir qram da həvəsim yoxdur. Bu elə darıxdırıcıdır ki.
- Bizi hələ də Rusiyaya buraxmayıblar, qorxurlar ki, gəncliyi korlayarıq.