“Bildirchin Group” olaraq bu dəfə oxucularla kitabların görüşünü təşkil etdik. Kitab sayımızın bu işə həvəs göstərən izləyicilərdən 3 dəfə az olduğunu nəzərə alaraq onu müəyyən vaxta təyin etdik. Hələ buna baxmayaraq biz ora gələndə artıq istəkli insanların bizi gözlədiyinin şahidi olduq və bu bizim əhvalımızın daha da yüksəlməsinə səbəb oldu. Kitablar ilə yanaşı stəkan və qələmlərimizi də hədiyyə etdik
Deməli, təşkil etdiyimiz bu görüşlə fərqli yaş, ixtisas, təcrübə və əhval-ruhiyyədə olan insanlarla tanış olmaq və fikirlərimizi bölüşmək imkanı əldə etdik. Təbii ki, bunların əsas hissəsi tələbələr və gənclər idi, amma yaşı bizə nisbətən biraz çox olan, buna baxmayaraq ruhu və düşüncəsi gənc və diri olan insanların bizim təşəbbüsə maraq göstərməsi və təəssüratlarını bölüşməsi bizə qürur hissi aşıladı.
Bu şəkildə gördüyünüz gənclər tibb sahəsində oxuyan, açıq fikirli, geniş dünyagörüşlü, düşünən və müzakirə etməyi sevən tələbələrdir. Əsasən tarix haqqında kitablar oxumağı üstün tuturlar. Kitabların onlara pulsuz veriləcəyini bildiklərinə görə bizim kitab aksiyamızı özlərinəməxsus şəkildə dəyərləndirməyi düşünüb, bizə müəyyən məbləğdə pul təklif edib gələcək aksiyalar üçün fond yaradılması istəklərini bildirdilər. Biz də gənclərin bu qəlbdən gələn və digər insanları da düşünən hərəkətini qəbul edib elə oradaca həmin pulu xeyriyyə məqsədilə xərclədik. Gözəl qəlb nümunəsi olan bu gənclər “Axır ki bizim də pulumuz faydalı yerə getdi” deyərək bizim və ətrafdakıların gülümsəməsinə səbəb oldu. Bizimlə o anları bölüşdükləri, müsbət və səmimi duyğular yaşatdıqlarına görə bu gənclərə təşəkkür edirik.
Bu xanımlar isə incə ruhlarından qaynaqlanan hisslərlə şeir kitabları ilə maraqlandılar. Təşəbbüsümüzün təmənnasız olduğunu öyrəndikdə “Əslində belə gənclərin səyi ilə bu işlərlə Azərbaycanda yaşamaq hələ də maraqlıdır”, “Dünya bunun kimi təşəbbüslərlə məhv olmaqdan qurtulur” kimi səmimi və qəlbən cümlələrlə bizi tərifləyərək utandırdılar. Təcrübəsi və yaşı bizdən çox olan insanlardan belə fikirlər və duyğular eşitmək həqiqətən də yaşadığımız ölkənin gənclərə ehtiyacı olduğunu göstərir.
Bizim bu təşəbbüsümüzü bölüşən, qiymətləndirib dəyərli vaxtından ayırıb gəlib bizimlə orda anı yaşayan bütün insanlara, belə hisslərə və şücaətə sahib olduqlarına və mənfəətdən kənar işi dəstəklədiklərinə görə minnətdarıq. Bu işdə və təfəkkürdə tək olmadığımızı görmək, bunu yaxından hiss etmək və canlı təəssüratları bölüşmək bizim üçün olduqca dəyərli və əvəzedilməzdir. Gələcəyi birlikdə qurmaq ümidi ilə həmişə belə hisslərlə qalın…