«O pulla, hədiyyələrlə, rüşvətin köməyi ilə uğur qazanırdı.» — Holokostdan sağ çıxmış Mansi Rosner adlı yəhudi qadın müsahibəsində deyir. — «Bizim üçünsə o sadəcə bir mələk idi»
Dünya Oskar Şindleri məşhur, yeddi Oskar almış “Şindlerin siyahısı” filmindən tanıyır. Onun haqqında hər kəsin bildiyi bir fakt var. O İkinci Dünya Müharibəsi zamanı 1200-ə yaxın yəhudini ölümdən qurtarıb. Əlbəttə bu faktın arxasında maraqlı bir tarix, çətin bir inkişaf yolu, böyük çalışmalar dayanır.
Oskar Şindler və onu canlandıran aktyor Liam Nison
Şindler 1908-ci ildə Çexiyanın Moraviya bölgəsində doğulub. Gənclik illəri ilə bağlı keçmişi elə də parlaq deyil. Belə ki, çex vətəndaşı olmasına baxmayaraq alman ordusuna casusluq eləyib və buna görə həbs olunub. Praqanın işğalından sonra 1939-cu ildə nasist partiyasına üzv olub. Yeri gəlmişkən onu da qeyd edək ki, Şindlerə aid çəkilmiş, onun həqiqətən mələk kimi təsvir olunduğu məşhur “Şindlerin siyahısı” filmində bu qaranlıq keçmişə toxunulmayıb. Şindler həmçinin Polşanın işğalında da Almaniyaya köməklik eləyib, müharibədən sonra yəhudi qurumlarından itirdiyi pulun geri qaytarılmasını istəyib.
Polşanın işğalından sonra Krakova gəlib və burda istehsal üçün əlverişli şəraitin olduğunu görüb «Deutche emaillewaren» adlı fabrik yaradıb. Pul, hədiyyə kimi vasitələrdən istifadə edərək SS zabitləri ilə dostluq əlaqələri qurub və əsir yəhudiləri pulsuz çalışdırma imkanını qazanıb. İşlərinin əsasını isə elə filmdə təsvir olunduğu kimi yəhudi mühasibləri görürmüş.
Onların köməkliyi ilə Şindler təxminən minə yaxın yəhudinin gettolardan ölüm düşərgələrinə getməsinə əngəl olaraq onları fabrikdə işlətməyə yönəldib. İlk vaxtlarda əsas motivasiyası pul olub, lakin sonradan işçilərini qorumağa çalışıb və öldürülən yəhudilərə görə dövlətdən təzminat istəyib. Xüsusən də iş imkanı zəif olan qadın və uşaqları işləməyə götürməsi məqsədinin təkcə pul qazanmaq olmadığını göstərir. O, həmçinin gettolardakı kiçik yaşlı uşaqları qaçıraraq polyak rahibələrin himayəsinə verilməsini və onların xristian yetimlər kimi qeydiyyata alınmasını təşkil edib.
1942-ci ildə gettolardakı yəhudilərin Plasov ölüm düşərgəsinə aparılmasına qərar verilir. Bu vaxt Şindler nasist hərbçi Amon Got ilə dostluq yaradaraq pul qarşılığında işçilərini qoruya bilir. Müharibənin almanlar üçün pis getdiyi bir vaxtda, Stalinqraddan başlayan geriləmə zamanı Krakovda və Plasovdakı yəhudilərin Auşvits ölüm düşərgəsinə aparılması əmr olunur. Bu vaxt Şindler 1200 yəhudini satın alaraq doğulduğu torpaqlara gedir və orda bir fabrik yaradır. 7 ay boyunca bir istehsalsızlıq timsalı olan fabrikində 1200 yəhudini qoruyub saxlayır.
Müharibə bitdikdən sonra o yəhudilərin verdiyi təminat məktubları sayəsində nasistlərin digər yüksək mənsəb sahibləri kimi mühakimə olunmur. Şindler bundan sonra əvvəlcə Münihdə, sonra da Argentinada iş qurmaq üçün cəhd eləsə də cəhdləri uğursuz olur. Hətta yəhudi təşkilatlarının ona etdiyi yardımlar da bir nəticə vermir. Şindler 1974-cü ildə 66 yaşında Frankfurtda ölüb. Vəsiyyətinə uyğun olaraq Qüdsdə katolik məzarlığında dəfn olunub. O burada dəfn olunmuş yeganə nasistdir.