Dünən avtobusda əyləşərkən dayanacaqda qəribə bir hadisənin şahidi oldum. Sonradan aydın oldu ki, sən demə bir qadın avtobusa çatmayıb, buna görə də orada dayanan kişinin üstünə qışqırır ki, gördün qaçıram, niyə avtobusu saxlamadın. Nə yaşından, nə də ətrafdakıların qınayıcı baxışlarından utanmayan “qadın”, “gül” ağzını bir açdı ki, gəl görəsən. Kişi də onunla sözləşmək istəmədiyindən, əvvəlcə kənara çəkildi. Gördü yox, qadın dayanmır. O da başladı mübahisəyə ki, sən kimsən mən sənin üçün avtobus saxlayım, anamsan, bacımsan, nəyimsən?
Bəli, elə bir söhbət başladı ki, nə Azərbaycan mentalitetinə, nə qadınlıq qüruruna, nə də kişilik qeyrətinə sığmırdı. Görəsən çox yox, 20 il əvvəl belə hadisə baş versəydi nə olardı? Yenə də belə həyasızlıqmı olacaqdı?
Abır, həya… İlk dəfə bu sözü mən uşaq olanda eşitdim. Məclisdən qayıdan nənəm dedi ki, filankəs lap abrını itirib, həyasızlaşıb. Mənə maraqlı gəldi ki, görəsən abır nə olan şeydir ki, onu itirirlər. Nənəmdən soruşanda bunları dedi: “Həya adamın pis söz və davranışlardan utanması və uzaq dayanmasıdır. İnsan, əsasən də qadın hər zaman öz ləyaqətini, abrını qorumalıdır”. Axırda dedi ki, Allahdan diləyim budur ki, hamını bu bədbəxtlikdən qorusun. Mən o zaman yenə başa düşə bilmədim ki, bədbəxtlik bunun harasındadır, lakin böyüyə-böyüyə nənəm demiş, belə abırsız insanlar və onların gətirdiyi bədbəxtliklər daha çox qarşıma çıxmağa başladı. Biri də elə dünən. Nə isə…
Bu gün elə bir zəmanədə yaşayırıq ki, yad adamlar bir tərəfə, ata-balanı, bacı-qardaşı, dost-dostu öldürür, var-dövlətini əlindən alır, evindən çıxardır. Elə bir zəmanədə yaşayırıq ki, insanlar dünyaya övlad gətirməkdən qorxurlar. Bəs bu aqressivliyə səbəb nədir? Var-dövlət hərisliyimi, azad respublikada yaşamağımızmı, qərbə inteqrasiyamı, nədir bizi bir-birimizi incitməyə vadar eləyən, həyat şəraitini çətinləşdirən. Bəlkə bunları hamısı bir yerdə? Məsələnin dərinliyinə baxanda görürük ki, bütün problemlərin kökündə əslində abır-həyanı itirməyimiz durur, çünki həya fərdi deyil, ictimai bir məsələdir.
Baxın, tək bir nəfər məmurun həyasızlığı nəticəsində nələr baş verir: Xaliqin bir kəlməsi ilə var olan torpaqda Onun Evinə yer tapılmır, dünyadakı bütün gözəlliyi bircə “Ol!” kəlməsi ilə var eləyən Yaradanın çağırışı olan “Azan”ın səsi batırılır, Onun əmrinin yerinə yetirən insanların başından hicabları açılır. Bu gün öz biliyindən əlavə, abırı, mərifəti ilə müəllimlərindən “afərin” almış hicablı qızın əvəzinə, dükandan adicə çörək alanda kalkulyatorla hesab əməliyyatı aparan, “şortik”, “dekolte” geyinən “gözəli” yüksək maaşla işə götürülür. 20 il əvvəl saçının qabağını “zayavka” elədiyi üçün dibindən kəsən qardaşın oğlu, bu gün qadınların çarşabını açır, yerlə sürüyür. Elm üçün Bağdada gedən babanın nəvəsi, bu gün Azərbaycanın ən saf, ən təmiz insanların timsalında hacı mövsümləri, vaqifləri, zülfüqarları… tutur.
Gör nə günə qalmışıq ki, abır-həya geridəqalmışlıq sayılır, belə insanlarla rastlaşdıqda da deyirlər ki, “rəhmətliyin oğlu, heç elə bil bu dünyanın adamı deyil”. Necə də yanlış təsəvvürdür? Məgər abırlı olmaq bu dünyanın insanına xas olan bir xüsusiyyət deyilmi?
Axı Yaradan bizi bu dünyaya göndərib ki, axirətdə əlimizdə azuqə olsun və bunu qazanmağın yollarından biri həyadır. Yazıqlar haradan bilsin? Dindən elə qaçırlar ki, elə bil oddan qaçırlar. Elə bilirlər ki, din onların azadlığını əlindən alır.
Ey azadlığı açıq-saçıq geyimdə, söyüşlərlə olan sözləri əyə-əyə danışmaqda, ata-anaya cavab qaytarmaqda, içki içməkdə, narkotik çəkmədə görən biçarə. Azadlığın elə İslamda olduğunu anlayacaqsınız. Amma onda gec olacaq. Çünki artıq dönüşü olmayan dərin bir bataqlıq girdabına yuvarlanmış olacaqsınız.
Bir düşün. Sən özünə hörmət eləməsən, başqası sənə necə hörmət eləyəcək? Əgər səndə sağlam fikir, inanc, həya duyğusu olmasa, nəfsinə və şeytanın pis təlqinlərinə necə qalib gələ bilərsən? Unutma ki, Allaha imanı möhkəm olan və həya duyğusunu itirməyən insan yaxşılıq və gözəlliklərə yönələr, bu dünya onun üçün cənnətə çevrilər. Əksinə, şeytana məğlub olana isə həyat cəhənnəmə çevrilər, bugünkü kimi hətta dünyaya uşaq gətirməkdən qorxar.
Köşə yazısı üçün Emilya Tağıyevaya təşəkkürlər!