Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.
Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çox çörək istəməsin.
Hələ bu qəribə iş deyil. Malıbəylidə bir qəribə əhvalat gördüm: o da budur ki, bu kənddə hələ oğlan uşaqlarından savayı qızlar da məktəbə gəlib dərs oxuyurlar. Doğrusu çox təəccüb elədim ki, məsələn, İrəvan kimi bir müsəlman mərkəzində qızın oxumağını müsəlmanlar pis iş hesab eləyirlər, amma Malıbəyli kimi bir kənddə qızlar erməni Haxçığı kimi çiyninə heybə salıb dərsə gedir.
Bu işləri görüb, söz yox, başladım bunun səbəbini soruşmağa ki, çox əcəb, Malıbəyli hara, bu işlər hara? Və gün haradan çıxıb ki, burada bu qədər tərəqqi baş verib? Hər kəsdən xəbər aldım, mənə cavab verə bilmədi. Doğrudan da qəribə işdir ki, müsəlman kəndində belə-belə işlər əmələ gəlsin. Axırda nə oldusa, söhbət molladan düşdü və belə məlum oldu ki, Malıbəylidə heç əslindən molla olmayıb və Malıbəylilər ömrlərində heç molla üzü görməyiblər.
Aha, burda mən barmağımı dişlədim və özümə dedim ki, bəli, bunu mənə bayaqdan deyin. Allah atanıza rəhmət eləsin, indi bildim ki, niyə burada müsəlmanlar oğlanlarını və qızlarını oxudurlar.
Ondan ötrü ki, burada molla yoxdur.
Ancaq indi başa düşdüm.
Cəlil Məmmədquluzadə (Cırcırama)
“Molla Nəsrəddin”, 22 avqust, 1910, № 32