Ötən il ali məktəblərin reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edib
2012-ci il üzrə ali təhsil müəssisələrinin reytinq cədvəli hazırlanıb. Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, Tələbə qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini özündə əks etdirən 12-ci sayını dərc edib. Reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir.
Ali təhsil müəssisələrinin reytinqinin abituriyentlərin ixtisas seçimi əsasında formalaşdığı vurğulanıb. Reytinq ali təhsil müəssisəsinin digər qurumlarla rəqabətdə dövlət büdcəsi vəsaiti hesabına təhsil almaq hüququ qazanmış abituriyentləri özünə cəlb etməsində, ali məktəblərin ixtisas kodlarının abituriyentlərin ərizələrində neçənci yerdə göstərilməsində və qəbul olan abituriyentlərin ballarının səviyyəsində öz əksini tapır.
TQDK tərəfindən hər bir ali məktəbin qəbul kampaniyasındakı reytinqi müəyyənləşdirilib. Bunun üçün ali təhsil müəssisələrinin ixtisaslarının abituriyentlərin ərizəsində birinci mövqedə göstərilməsindən, müsabiqədə iştirak edən və ixtisas seçimində istəyini həyata keçirmək üçün bal toplayan abituriyent seçimi əsasında hesablanan müsabiqə əmsalından, ali məktəbə qəbul olan orta statistik abituriyentin topladığı baldan və ali məktəbin dövlət sifarişli yerləri tutma faizindən istifadə olunub.
Bütün bu göstəricilər nəzərə alınmaqla ali təhsil müəssisələrinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində tutduqları yerlər aşağıdakı kimidir.
1.Bakı Ali Neft Məktəbi -14247
2.AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-6800
3.Azərbaycan Tibb Universiteti-6259
4.Azərbaycan Diplomatik Akademiyası – 4572
5.Bakı Dövlət Universiteti- 3707
6.“Qafqaz” Universiteti- 3530
7.Naxçıvan Dövlət Universiteti – 2878
8.Azərbaycan Dövlət Neft Akademiyası- 2815
9.Azərbaycan Turizm İnstitutu- 2811
10.Azərbaycan Dillər Universiteti- 2799