Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. Paradoksaldır ki, iqtisadi böhran zamanı ənənəvi olaraq intiharlar artmaq əvəzinə azalır. ABŞ-da dərc edilmiş “Təqlid effekti” kitabının müəllifi Loren Koulman qeyd edir ki, iqtisadi çətinliklər və müharibələr zamanı insanlar şəxsi təşəbbüsləri ilə dünyadan getməyə meyilli olmurlar.
İntihar, bir qayda olaraq, ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Əsas «risk amili» kimi yoxsulluq, işsizlik, yaxınların itirilməsi, ailə münasibətlərində problemlər göstərilir.
Əgər ailədə belə hal baş veribsə, onda adamlar intihara daha çox meyillidirlər. Burada uşaqlıqda alınmış mənəvi və fiziki travmalar önəmli rol oynayır. Həmçinin insanın sosial izolyasiyası və psixi problemləri, o cümlədən depressiya da mənfi təsir göstərir.
Ancaq çox hallarda intiharların səbəbi qaranlıq qalır. Hələ də aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər, ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.
Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox “yoxsul” ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın “zəngin” dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu zaman iqtisadi baxımdan tam rifahlı sayılan Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli çoxdur. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə və s.-də intiharların səviyyəsi inanılmaz dərəcədə yüksəkdir.
Din və intihar arasında asılılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür.
Mövzuya psixoloq yanaşması
Tibb elmində, psixoterapiyada “intihar nədir” sualının birmənalı cavabı yoxdur, amma illərlə yığılan təcrübə və intihar probleminin elmi-tibbi təhlili müəyyən məntiqi nəticələrə gəlməyə imkan verir. Məlum olur ki, intihar özünü öldürməyi nəzərdə tutan psixi xəstəlikdir və yaxud müəyyən şəraitlə bağlı olaraq yaranan psixi xəstəlik halıdır. Yaranma və həyata keçirilmə xüsusiyyətlərinə görə intihar yalnız və yalnız psixi xəstəlik halı kimi qəbul edilə bilər.
Niyə intihar yalnız psixi xəstəlik və yaxud psixi xəstəlik halı kimi qəbul olunmalıdır?
Birincisi, insanın mövcud olmaq, yaşamaq və yaşamaq uğrunda mübarizə aparmaq xüsusiyyətləri köklü instinktiv xüsusiyyətlərdir. Bu, normal insan sağlamlığını və həyat tərzini şərtləndirən əsas genetik xüsusiyyətlər sayılır. Bu cür “mövcud olmaq” və “yaşamaq” xüsusiyyətlərinə qarşı insanın özünün mübarizə aparması isə normal, sağlam hal deyil. Bu cür vəziyyət, məhz psixi xəstəlik və şəraitlə bağlı ani formada yaranan psixi xəstəlik halı kimi qiymətləndirilə bilər. Yəni intihar mövcudluq xüsusiyyətlərinə görə psixi xəstəlik və yaxud şəraitə uyğun yaranan psixi xəstəlik halıdır. Sağlam psixikaya, orqanizmə və şəxsiyyətə malik insan özünə qəsd edə bilməz, özünü qəddarcasına öldürə bilməz.
İkincisi, intiharların real səbəbini tapmağın və müalicəsini müəyyənləşdirməyin çətin, əksər halda mümkünsüz olması baxımından məhz psixi xəstəliklərə bənzəyir. İntihara cəhd edən şəxsin özü də intihar etmək istəyinin real səbəblərini tapa bilmir və bu zaman çıxış yolu kimi müxtəlif səbəblər söyləyə bilir. Məsələn, sosial problemləri olduğunu səbəb kimi göstərə bilər. Bu isə insanın mövcud olmaq və yaşamaq uğrunda mübarizə kimi instinktiv xüsusiyyətlərini nəzərə aldıqda real səbəb sayıla bilməz. Əks halda, kasıb dövlətlərdə yaşayan insanların yarısından çoxu dözməyib intihar edərdi, amma qeyd etdiyimiz kimi, intihar edənlərin sayına görə İsveçrə kimi ölkə birinci yerdədir.
Üçüncüsü, intihar edən şəxslərin 90 faizi məhz uzun müddət psixi problemlərdən əziyyət çəkən şəxslər olur. Onların intihara meyl etmələri sonda öz kulminasiya nöqtəsinə çatır. Bu şəxslər həm də qapalı, həssas və əsəbi olurlar. Şübhəsiz, onların arasında əsəb sistemində ciddi problemlər olan şəxslər də çox olur.
İntihar irsi-genetik əsaslara malik psixi problemdir, psixi xəstəlik halıdır. Müşahidələr təsdiq edir ki, intihar edən şəxslərin ailələrində və keçmiş nəsillərində bu problemə həmişə həssaslıq olub. İntihar edən şəxslərin təxminən 70 faizi bu problemdən əziyyət çəkən nəslin nümayəndələri olur və yaxud psixoloji cəhətdən həssas olan nəslə mənsub olurlar.
Deməli, intihar ilk növbədə özünə qəsdlə bağlı olan psixoloji problemdir. Onu yaradan səbəbləri müəyyənləşdirib təhlil etmək üçün intihar problemi psixoloji cəhətdən hökmən öyrənilməlidir. Yəni intihar problemini öyrənmək və onun müalicəsini təşkil etmək ilk növbədə psixoterapevtlərin (psixoloqların və psixiatrların) üzərinə düşür.
İntiharın növləri:
İntiharlar arasında yaranma xüsusiyyətlərinə görə müəyyən fərqlər var. Tarix boyu bu hadisənin təhlili bizi müxtəlif növ intihar halları ilə üz-üzə qoyur, amma ən çox baş verən intiharları təsnif etmək mümkünüdür. Müşahidələr göstərir ki, intihar halları ən çox aşağıdakı növlərdə həyata keçirilir. Bir daha nəzərinizə çatdırırıq ki, hər hansı halda baş verən intihar müxtəlif səbəblərdən yaranan psixoloji problemlərin formalaşdırdığı psixi xəstəlikdir və yaxud psixi xəstəlik halıdır. Sadəcə olaraq, intiharın psixoloji problem, psixoloji xəstəlik və yaxud psixoloji xəstəlik halı kimi yaranma vaxtında müxtəlif fərqlər ola bilər. Bir intihar hadisəsi tez, digəri isə uzun vaxt ərzində formalaşa bilər.
Sönük intihar. Bunlar ən çox yayılan intihar növüdür. Şəxs heç kəsə xəbər vermədən özünə qəsd edir. Bu tipli intihar halları müxtəlif formalarda həyata keçirilir. Səbəblər isə anlaşılmaz və gizli olur. Çox nadir hallarda “kağız” yazıb qoyurlar. Bu tipli intiharı seçən insanların fikirləri çox ciddi olur və onlar əksər halda intihara nail olurlar.
Dramatik intihar. Bu növ intihar da çox populyardır. Son dövrlər daha da artıb. Şəxs özünə qəsd edəcəyi haqda müxtəlif məlumatlar verir. İndi də sosial şəbəkələr onlara bu işdə kömək edirlər. Səbəblər isə bəzən anlaşılmaz, bəzən isə dramatik olur. Bu zaman onların əksəriyyəti “kağız” yazıb qoyurlar. Bu tipli intihar halları da müxtəlif formalarda həyata keçirilir. Məhəbbətlə bağlı baş verən intiharlar da bu növə daxilidir. Bəzən bir-birini sevən iki gənc də müxtəlif səbəblərdən bu cür intihara gedir.
Demonstrativ intihar. Bu növ intiharlar xüsusi və nümayişkaranə formalarda həyata keçirilir. Səbəbləri əksər halda bəlli olmur. Şəxs öz intihar niyyəti haqqında da kimlərəsə məlumat vermir. “Kağız” yazmırlar. İntihar etmək üçün xüsusi yerlər, binalar seçirlər. Təcrübə göstərir ki, belə intihar cəhdlərinin qarşısını almaq mümkündür. Psixoloji təhlil həm də onu deməyə imkan verir ki, bu cür intiharı seçən şəxslər özünə qəsd etmək məsələsində o qədər də qəti mövqedə olmurlar, əslində intihar etmək istəmirlər, amma əlacsız qalıb bu cür səs-küylü intihar yolunu seçirlər. Elə bil gözləyirlər ki, bəlkə bu hadisədən sonra onlara kömək edən oldu. Doğrudan da, bu növ intiharların əksəriyyəti sonda müsbət nəticəli olur və məlum şəxslər xilas edilir.
Tragik intihar. Faciəvi hadisələr baş verən zaman reallaşır. Hansısa qəfil və yaxud gözlənilən şəxsi faciələr zamanı insan özünü sakitləşdirə və idarə edə bilmir. Əsəb sistemi öz gərgin son həddinə çatır. Ani psixoloji problemlər idarə olunmayan affekt halı yaradır. Nəticədə şəxs bu faciəyə psixoloji cəhətdən dözə bilməyərək “canını intiharla qurtarmaq” istəyir. Təcrübə sübut edir ki, bu cür faciəli anlarda məlum şəxsi müəyyən vaxt çərçivəsində intihardan qorumaq lazımdır. Vaxt keçdikcə bu şəxsin psixikası yaranmış faciə ilə “razılaşmağa” başlayacaq və psixoloji gərginlik azalacaq.
Ani cismani intihar. Bu tipli intiharlar adətən əsəb sistemində problem olan, amma cəmiyyət içində yaşayan insanlar arasında baş verir. Onların əksəriyyəti müxtəlif vaxtlarda əsəb sistemi xəstəliklərindən müalicə alırlar, ancaq sağlam insanlar kimi yaşayırlar. Kiçik və yaxud ciddi bir mübahisədən sonra həmin şəxs özünə intihar edə bilər. Əksər halda bu cür intiharlar qəddarcasına həyata keçirilir, məsələn, özünü bıçaqla kəsib-doğrayır, pəncərədən atılır, elektrik cərəyanı ilə özünü öldürür və sair. Bu tipə intihar edən psixi xəstələri də aid etmək olar. Lakin ağır psixi xəstələr öz şəxsiyyətlərini idarə edə bilmədiklərinə görə onların özlərini öldürməsi bizim qəbul etdiyimiz “intihar” sayıla bilməz. Ağır psixi xəstələrin intiharı islam dinində də “intihar” kimi qəbul olunmur. İslama görə, əqli cəhətdən özünü və şəxsiyyətlərini idarə edə bilməyənlərin bu dünyada günahları olmur.
Siyasi və sosial əsaslı intiharlar. Adından göründüyü kimi, bu tipli intiharların siyasi və sosial əsasları olur. Məsələn, siyasi ideologiya, sosial ədalətsizlik, siyasi idarəetmə sistemi, məmur özbaşınalığı, dini azadlıq, vicdan azadlığı və sairə. Əslində bu növ intiharlar dünyada həmişə baş verib, amma son illərdə artmaqdadır. Bu tipli intiharlar hər kəsi narahat edə bildiyi üçün onlara ətraflı şəkildə yanaşacağıq. Xüsusilə də siyasi və sosial əsaslı intiharlar arasında nəzəri cəlb edən iki intihar tipi ilə ətraflı tanış olacağıq.