İqtisadi biliklərlə bağlı geniş məlumatlara malik olmayan insanlar doğum səviyyəsinin azalmasının səbəbini gəlirlərin və maddi vəziyyətin aşağı düşməsi ilə izah edirlər, lakin bu səbəblər reallığı əks etdirmir, əksinə bəzi hallarda parodoksal vəziyyət yaradır. Doğum səviyyəsinin aşağı düşməsinin daha məntiqli və iqtisadi səbəbləri:
– Vilayətlərdə, kəndlərdə doğum səviyyəsi daha yüksək olur. İnkişaf etmiş ölkələrdə isə əhalinin böyük hissəsi iri şəhərlərdə cəmləşmişdir.
– Qadınların təhsil səviyyəsi yüksəldikcə, qadınlar daha az uşaq dünyaya gətirirlər.
Buradan aydın olur ki, gəlirlərin səviyyəsinin artımı əhalinin təbii artımına yox, bu artımın azalmasına səbəb olur. Bu iqtisadi qanunauyğunluğun səbəblərini açaq.
İqtisadi nöqteyi nəzərdən yanaşsaq, təbii artım bir-birilə əlaqəsi olan iki faktorla bağlıdır:
1) uşaqların doğumu, saxlanması ilə bağlı xərclər
2) onların valideynlərə yetirdiyi faydalılığı ilə
Əhalinin rifah halının yüksəlişi və qadınların iqtisadiyyata cəlb olunması ilə uşaqların doğumuna sərf olunan xərclər artır. Digər tərəfdən isə yüksək şəkildə təşkil olunmuş səhiyyə, sosial təminat, təqaüd və digər sosial xidmətlərin artımı, qocalıqda övladlara daha az ehtiyacın duyulmasını təmin edir.