Uşaq və valideyn münasibətinin ən vacib təməl daşlarından biri övladımız ilə uyğun şəkildə ünsiyyət qurmağı öyrənməkdir. Unutmamalıyıq ki, övladımızla ünsiyyət tərzimiz, övladımızın digərləri ilə ünsiyyətinə də təsir göstərir.


  1. Övladınızla ünsiyyət qurmazdan əvvəl onunla bağlantı qurun. Övladınızdan bir şey etməsini istəmədən əvvəl övladınızın səviyyəsinə enin və övladınız ilə göz təması qurun. Beləcə övladınızın diqqətini söyləyəcəyiniz şeyə çəkmiş olarsınız. Övladınız diqqətini sizə verməkdə çətinlik çəkirsə, ona kömək edin: “Leyla, xahiş edirəm mənə bax.” kimi.


  2. Cümlənizi övladınıza yönəldin. Övladınıza bir şey söyləməyə başlarkən adı ilə müraciət edin. ” Leyla, xahiş edirəm stəkanı yerinə qoy” kimi.


  3. Qısa danışıqlar edin. Övladınız ilə ünsiyyətdə bacardığınız qədər “tək cümlə” qaydasına əməl edin. Övladınıza demək istədiyinizi ilk cümlədə çatdırmağa çalışın. Valideyninin uzun açıqlamalar etdiyini görən uşaq ana-atasının qərarsız olduğu hissinə qapıla bilər.


  4. Övladınızdan söylədiyinizi təkrar etməsini istəyin. Təkrar edə bilmirsə, söylədiyiniz onun üçün uzun və qarışıq görünə bilər.


  5. Övladınıza, davranışlarının müsbət nəticələrini söyləyin. Bu üsul kiçik yaşlı uşaqlar üçün daha təsirlidir. Məsələn, “Paltarlarını geyindikdən sonra, bağçaya oynamağa gedəcəyik.” dediyinizdə istəyinizə daha sürətli əməl edəcəkdir.


  6. Övladınızla danışarkən bacardığınız qədər müsbət ifadələrdən istifadə edin. Məsələn, “qaçma” yerinə “evdə gəzirik, bağçaya çıxanda qaça bilərsən.” demək daha təsirli olacaqdır.


  7. İstəyinizi dəqiq ifadə edin. Məsələn, övladınıza “aşağı düş” demək yerinə “hal-hazırda sənin aşağı düşməni istəyirəm” və ya “dostun da oynasın” demək yerinə “oyuncağını dostunla paylaşmanı istəyirəm.” deyə bilərsiniz.


  8. Ünsiyyət qurmadan əvvəl fiziki olaraq uşağınızın yanına gedin. Övladınıza digər otaqdan “artıq televizoru söndür” demək yerinə onun yanına gedin. Bir az övladınız ilə televizor izləyin və reklam fasiləsi olduqda televizoru söndürməsini istəyin. Beləcə övladınız sizin qərarlı olduğunuzun fərqinə varacaqdır.


  9. Övladınızın seçim etməsinə fürsət yaradın. Övladınızın etməli olduğu işlərin sıralamasını, rəng seçimini və s. ona həvalə edə bilərsiniz. “Əvvəl dişinimi fırçalamaq istəyərsən, yoxsa hekayə kitabını seçməkmi?” kimi.


10. Övladınızın yaşına uyğun cümlələrdən istifadə edin. Əgər uşağınız kiçik yaşlıdırsa daha aydın və sadə cümlələr istifadə edin. Məsələn 3 yaşındakı uşağınıza “niyə belə etdin?” sualını vermək uyğun olmayacaqdır. Çox zaman böyüklər belə bu sualın cavabını verə bilmir. Bu səbəblə uşağınıza “bir az əvvəl olanlar haqqında danışaq” demək daha təsirli olacaqdır.


11. Övladınızla danışarkən ifadələrinizə diqqət edin. Onunla danışarkən, “xahiş edirəm, təşəkkür edirəm” kimi ifadələr istifadə etməyə diqqət göstərin. Uşaqlar ünsiyyət bacarıqlarını valideynlərinin köməkliyi ilə gücləndirirlər, bu səbəblə övladınıza doğru bir nümunə olmaq əhəmiyyətlidir.


12. Övladınıza qarşı mühakimə və ya təhdid edici bir dil istifadə etməyin. Bundan əlavə mütləq şəkildə edilməsini istədiyiniz bir şey olduqda “Oyuncaqlarını yığışdırarsanmı?” kimi suallardan qaçın və onun yerinə “Oyuncaqlarını yığışdırmağını istəyirəm” ifadəsini istifadə edin.


13. Bəzən söyləmək istədiklərinizi yazı və yaxud şəkil vasitəsilə ifadə edin. Bu şəkildə övladınızla sözləri istifadə etməyərək ünsiyyət qurursunuz. Məsələn edilməsi vacib olan işləri gülməli və əyləncəli xatırlatma qeydləri halında uşağınıza təqdim edə bilərsiniz.


14. Səs tonunuza diqqət edin. Uşağınız sizə qarşı səsini yüksəltdiyi zaman, sizin sakit bir səs tonu ilə uşağınıza cavab verməniz ona müsbət istiqamətdə təsir edəcəkdir, amma hər iki tərəf də səsini yüksəltdiyi zaman vəziyyət daha da çətinləşə bilər. Uşağınızdan ona necə kömək edə biləcəyinizi soruşa, təsirli bir dinləyici olaraq ona dəstək ola bilərsiniz.


15. Övladınızın emosional vəziyyətinə nəzarət edin və onunla danışarkən emosional vəziyyətinin stabil olmasına diqqət göstərin.


16. Övladınızdan təklif istəyin. Övladınıza “Oyuncaqlarını ortalıqda qoyma” demək yerinə “Oyuncaqlarını harada saxlamaq istəyərsən?” kimi bir sual vermək daha təsirli olacaqdır. Beləcə uşağınız verdiyi qərarı daha istəkli yerinə yetirəcəkdir.


17. Övladınıza məhdudiyyət gətirərkən başqa alternativ seçimlər də təqdim edin. Məsələn, “Boyalarınla qonaq otağında xalçanın üzərində oynaya bilməzsən amma mətbəx masasında oynaya bilərsən.” kimi…


18. Övladınıza yaranmış hər hansı vəziyyət ilə bağlı duyğularınızı ifadə edin. Məsələn, “Mənə xəbər vermədən gedəndə, itdiyini düşündüm və narahat oldum.” kimi…


19. Müəyyən bir qərar verdiyinizdə mövzunu bağlayın. Uşağınız ilə verilən qərar üzərinə daha çox danışmaq zaman itkisidir. Bu səbəblə neytral bir səs tonu ilə “qərarımı dəyişdirməyəcəyəm” deyərək uşağınıza qərarlı olduğunuzu göstərin. Beləcə uşağınız qısa müddətdə qərarlı olduğunuz hallarda ağlamasının və ya bağırmasının təsirli olmadığının fərqinə varacaqdır.


20. Övladınıza “açıq tipli” suallar verin. Övladınız ilə ünsiyyət qurmaq üçün hə / xeyr kimi cavabı olan “qapalı tipli” suallarından uzaq durun. Övladınızın fikirlərini paylaşmasını artırmağa yardım edən suallar verməyə çalışın.