19-cu əsrin 30-cu illərində italyan opera sənətinə qeyri-adi, nadir istedadlı bir sənətkar gəlir. Onun operaları Avropanın müxtəlif ölkələrində tamaşaya qoyulur və sözün əsl mənasında gurultu qoparır. Bəstəkarın yaratdığı gözəl melodiyalar dillər əzbəri olur, hətta o qədər geniş yayılır ki, onları italyan xalq mahnıları sanırlar. Bu müəllifin əsərləri indiyədək də italyan operasının ən uca, əlçatmaz zirvəsi hesab olunur, dünyanın ən nüfuzlu opera teatrları onları repertuarlarına daxil edir. Həmin sənətkarın adı Cüzeppe Verdidir.
Taleyin hökmü ilə Verdi Vaqnerlə bir ildə dünyaya gəlmiş, sənətdə də yolları oxşar olmuşdur. O da öz yaradıcılıq axtarışlarını əsasən opera janrı istiqamətində aparmış, bu janrın inkişafına mühüm töhfələr vermişdir, lakin Verdinin opera janrına münasibəti – onun həm məzmununa, həm də musiqi üslubuna qarşı qoyduğu tələblər Vaqnerdən tamamilə fərqlənir. Belə ki, Verdi qədim əfsanə və rəvayətlərə qətiyyən maraq göstərmir, real həyatdan götürülmüş və mütləq gərgin emosiyalar və kəskin təzadlarla yoğrulmuş süjetlərə müraciət edir. Əgər Vaqner simfonik orkestrin səlahiyyətlərini genişləndirməyə meylli idisə, Verdi, əksinə, insan səsinə, vookal partiyalara üstünlük verir. Verdi operalarının təsir gücünün sirri onların italyan folklorundan bəhrələnməsi, canlı, ifadəli, melodiyaların bir-birini əvəz etməsidir. Hətta Vaqnerin xüsusi maraq göstərdiyi leytmotiv prinsipi də Verdini biganə qoyur. Doğrudur, o da bəzi qəhrəmanlarını qısa musiqi mövzuları ilə səciyyələndirir, lakin həmin üsuldan Verdi operalarında çox məhdud şəkildə istifadə olunur.
Operalardan savayı, Verdi yaxın dostu və sirdaşı şair Alessandro Mandzoninin xatirəsinə möhtəşəm “Rekviyem” də bəstələmişdir. Bu əsər də Verdi irsinin ən gözəl səhifələrindəndir. Cüzeppe Verdinin vəfatı nəinki bəstəkarın vətənində, bütün dünyada dərin kədər hissi ilə qarşılaşır. Dəfn günündə İtaliya senatının göstərişi ilə məktəblər, idarələr bağlanılır. Milanın yüz minlərlə sakini sevimli sənətkarını son mənzilə yola salmaq üçün küçələrə çıxır. Bu günədək italiyalılar Verdini özlərinin milli qəhrəmanı sayır, onun sənəti qarşısında hörmətlə baş əyirlər.
Məşhur əsərləri:
“Riqoletto” (V.Hüqonun “Kral əyləni” dramı üzrə);
“Traviata” (A.Düma “Kameliyalı qadın” əsəri üzrə);
“Trubadur” ;
“Aida” ;
“Otello” (Şekspirin eyni adlı dramı əsasında) və s.