Sosial şəbəkələrin meydana çıxma tarixi barədə az-çox əksəriyyətin məlumatı var. Amma sual ondan ibarətdir ki, görəsən bəs, bu şəbəkələrin hansı məqsədlər üçün təşkil olunduğu barədə bir məlumatımız və fikrimiz var mı?

Bu sualı əslində çoxdandır ki, düşünürəm və buna cavab tapmağa çalışıram. Bu sualın meydana gəlmə səbəbi elə bizim sosial şəbəkələrdən istifadə etmək bacarığımıza və vərdişimizə əsaslanır. Çünki, bu sualı ünvanladığım insanlar, müzakirə etdiyim dostlar, tanışlar mənə “vaxt öldürmək üçün, qızla tanış olmaq üçün, digərləri nə edir deyə baxmaq üçün, özümüzü və ya şirkətimizi reklam etmək üçün, bəzi yerlərə və insanlara daha rahat əl çatdığı üçün” kimi cavablar verdilər. Bu da məni bu mövzuda kiçik bir tədqiqat aparmağa sövq elədi. Facebook, Vine, Twitter, Instagram kimi gedərək artan sosial şəbəkələrdə hardasa əksər insanların bu şəbəkələrin hər birində qeydiyyatı var. Bu da bizi məcbur olaraq günün çox hissəsini bu hesablarımızı yoxlamağa və orda vaxt keçirməyə vadar edir. Nəticədə insan öz kimliyindən və gerçək həyatdan uzaqlaşaraq virtual bir həyatın içinə daxil olur. Facebookda birçox dostu varkən real həyatda özünə dosta tapa bilmir. Və ya sosial şəbəkələrdə birçox xanımla yaxşı əlaqəsi olduğu halda, gerçək həyatda sevgilisiylə və ya həyat yoldaşı ilə münasibətdə problemlər yaşayır. Facebookda yüzlərlə dostu varkən twitterdə yalnızlıq mesajları göndərir, depressiyada olduğunu bildirir. Psixoloqlar bunu insanın fərqli bir “həyat yaşamaq” və fərqli bir “şəxs olmaq” istəyi ilə açıqlayırlar. Və bunu həyata keçirməyə də sosial şəbəkələr imkan verir. İstədiyimiz vaxt sosial şəbəkələrdə meydana gətirdiyimiz “şəxsi” dəyişdirib, yenidən istədiyimiz fərqli “xarakteri” meydana gətirə bilirik. Çünki, bu saxta xarakterlərlə istədiyimiz kimi istədiyimiz yalanı deyə, istədiyimiz və ya gerçəkdə olmayan xəyal məhsulu olan imici meydana gətirə bilərik. Bu da öz, real şəxsiyyətimizdən uzaqlaşmağımıza və uydurduğumuz xəyal məhsulu xoşbəxtliyi yaşamağımıza gətirib çıxarır. Bunun da hərhansı bir narkotik maddə qəbul edib dünyadan qısa müddətli ayrılmaqdan elə də fərqi yoxdu.

Dostlarınızla hərhansı bir kafeyə gedib oturanda söhbət etmək yerinə sosial şəbəkələrdə yerinizi check-in etdiyinizi, müxtəlif tərəflərdən çəkilmiş şəkillərinizi paylaşdığınızı hiss etmisiniz? Siz ora dostlarınızla söhbət etməyə yoxsa həmin məkanda olduğunuzu sosial şəbəkələrdə bildirməyə getmisiniz? Sizə görüşdüyünüz dostlarınızın fikirləri maraqlıdır yoxsa qoyduğunuz şəklin nə qədər “like” aldığı?

Əslində eqomuzu bəsləyirik…

Sosial şəbəkələri oyun oynamaq kimi düşünə bilərik. Çünki, hər oyunun özünəməxsus dünyası var və biz bu dünyada istədiyimiz kimi davrana, bu dünyanı istədiyimiz kimi formalaşdıra bilərik. Bir növ formalaşdırdığımız dünyanın baş qəhramanıyıq. Bizim paylaşdığımız statusların, videoların, şəkillərin çox bəyənilməsi məşhurluğumuzu artırır və bizə zövq verir. Xoşbəxt bir anı çəkib hesabımızda paylaşanda az like alırsa və bu bizim o andakı əhvalımızı pozursa deməli onda biz o anı yaşamır sadəcə şəkil çəkib paylaşmaq üçün kiçik bir saxtakarlıq edirik.

Görəsən sosial şəbəkələrdə olan heyvan, insan və dünya sevgisi real həyata nə qədər yansıyır? İçində pişik olan hər şeyi paylaşan, like edən və altından uzun-uzun şərh yazan insanlar heyvan hüquqları ilə bağlı hansı işləri görüb, hansı aksiyalara qatılıblar? Ya da kasıb insanlarla bağlı hər videonu, hər şəkli like edən, ona şərh yazan insanlar bu problemi aradan qaldırmaq üçün hansı tədbirlərə əl atıblar? Qəzaya düşmüş insanın, bombadan evi dağılmış insanın, həmin evin qalıqları altından çıxarılmış uşaq meyidinin like edilməsi nə deməkdir? Hər getdiyi yerin, yediyi yeməyin, geyindiyi paltarın şəklini paylaşmaq, “onu hiss edir” “bunu hiss edir” yazıb dəqiqədə bir status yeniləmək və bunlar istədiyi qədər bəyənilmədikdə əhvalı pozulmaq ya da kimsə onun paylaşdığını bəyənmədi deyə ona küsmək nəyin göstəricisidir? Profilində fəlsəfə dərsi keçən, yarım səhifə şərh yazan, asıb-kəsən, cəngavər olan insanlar real həyatlarında bunlara nə qədər yer verirlər, fikirlərini doğru, düzgün açıq şəkildə ifadə edə bilirlərmi?

Gərək özümüzə qarşı dürüst olaq. Həyatı, düşüncələri, möfhumları, dəyərləri, adətləri və bir sözlə hərşeyi sorğulayaq, soruşaq və öyrənək, yoxsa əks təqdirdə hər insan və qrup bizi istədiyi şəkildə idarə edə bilər.

Bunu da unutmamaq lazımdır ki, heç bir virtual dünya, insan, xarakter və canlı gerçək dünya və canlılar ilə əvəz edilə bilməz. Əgər əvəz etməyə çalışsaq fəsadları ağır və bərpaedilməz dərəcələrə qalxa bilər.

 

Yazı kürkü və dərisi vəhşicəsinə soyulan insan və digər canlılara həsr olunur. Hər canlıya öz kürkü yaraşır…