Cəmiyyətimizdə bir çox insan inkişafın səbəbini elm və texnologiya ilə bağlayır. Bəlkədə inkişaf etməməyimizin səbəblərindən biri də budur, lakin inkişafın əsasında düşüncə tərzi dayanır. Elm və texnologiya isə sonrakı mərhələdir. Bizim düşüncəmiz dəyişməsə, biz heç vaxt “mercedes”, “iphone” və s. istehsal edə bilmərik. Bunun praktik sübutu Avropada renessansdır. Avropada ilk öncə düşüncə dəyişdi və ondan qaynaqlanaraq iqtisadi və siyasi həyatda dəyişiklik oldu. Məsələn, Almanların indiki inkişafın təməlində Kant, Hegel, Nitsşe, Haydegger və s. bu kimi filosofların əsərləri dayanır. Hegel deyirdi ki, insan özünü dərk etdikcə bir pillə, bir pillə inkişaf edir, lakin bizim cəmiyyətdə isə bu proses yoxdur. Məsələn, bizdə bir tələbənin yuxudan qalxması üçün xarici iradə olmalıdır. Bu proses uşaqlıqdan başlayır. Məcburi məktəbə göndərmə, məcburi imtahana hazırlaşdırma, məcburi universitetə getmək və s. Nəticə isə göz qabağındadır. Proses başa çatdıqdan sonra isə şəxs öz təbii vəziyyətinə qayıdır. Bizim cəmiyyət bir işi görəndə onun dərk etmədən edir. Əslində bizim inkişafımızın qarşısını alan səbəblərindən biri də mentalitet və mövcud dini düşüncədir. Biz ilk öncə mövcud düşüncəni aradan qaldırmalıyıq.
Bəs bu proses necə olacaq?! Bu proses başlaması üçün ziyalıların olması zəruridir. Elə ziyalı ki, onu doqquz milyon yarım əhalidən ən azı 20%-i oxusun. Kant kimi, Hegel kimi, Jan Jak Russo kimi, Mircə Cəlil kimi, Axundov kimi… Yoxsa,Əkrəm Əylisli kimi “ziyalı” yox. Yeri gəlmişkən bizdə böyük problemlərdən biri də kitab oxumaqdır. Ya da faydasız kitab oxumaq. Əslində kitabı oxumaq yox yaşamaq lazımdır. Düşüncəmizin dəyişməsi üçün bir variant var mövcud düşüncəmizi yandırıb yox edəcəyik və külündən yeni düşüncə inşa edəcəyik.
Bir sözlə inkişaf etmək üçün həm siyasi, həm iqtisadi, həm də mədəni arenada düşüncəmizdə renessans etməliyik!