Günəş fəallığı artdıqda, Günəş alışmaları nəticəsində maqnit sahələri gücləndikdə və yer üzünə daha çox yüklü günəş hissəcikləri “yağdıqda” Yer kürəsinin qütblərində çox gözəl parıltılar əmələ gəlir. Bəzən bütün səmanı, bəzən isə onun ayrı-ayrı sahələrini rəngarəng pərdəvari parıltılar tutur. Yaşıl və qırmızı rəngin bütün çalarları yumşaq halda bir-birinə keçir.

    Bu rəng alimlərə deyir ki, işıqsaçan oksigen və azot qazlarıdır. Axı hər bir kimyəvi elementin atomları yüklü hissəciklərlə şüalandıqda özünəməxsus rəng alır.

    Kənardan bu qədər gözəl görünən qütb parıltısı təhlükəli deyil ki? Əlbəttə, orbitdə işləyən kosmonavtlar üçün Günəşin rentgen şüaları (radiasiya) təhlükəlidir, ancaq onları xüsusi geyim qoruyur. Orbital stansiyadakı cihazlar və Günəş batareyaları isə bundan əziyyət çəkir. Onlar sıradan çıxa bilər.

    Günəş şüalanmaları və maqnit sahələri gücləndikdə Yerdəki radiovericilər pis işləyir. Bəzən xırıltıdan başqa heçnə eşidilmir, ancaq bu daha çox qütblərdə hiss olunur.