Salam dostlar, sizinlə sonuncu Avropa gəzintisi təcrübəmi bölüşmək istəyirəm.

Əvvəlcə onu qeyd edim ki, bu dəfəki səfər Qərbi Avropanı əhatə edirdi və 15 gün çəkdi. Vizanı Fransa səfirliyindən almışdıq. WizzAir Bakını tərk etdiyindən və AZALın qiymətləri əlçatmaz olduğundan, ucuz qiymətə uçmaq üçün dostum ilə Gürcüstanın Kutaisi şəhərinə yollandıq .


Qeyd: Bakı-Tiflis avtobusu: 12 AZN, Tiflis-Kutaisi Aeroportu: 7.5 – 10 AZN

Təbii ki, biletləri əvvəlcədən almışdıq və qeydiyyatı (check in) online etmişdik, belə olan halda aeroporta uçuşa 40 dəqiqə qalmışa qədər getmək olar.


Kutaisi-Budapeşt: 35 avro (www.wizzair.com)

Ən çox qalacağımız şəhər Portuqaliyanın Lissabon şəhəri (el arasında “Lissabonun Sammit şəhəri” də deyirlər) olduğu üçün Budapeştdən ora getməli idik. Getdiyimiz və növbəti gün Lissabona birbaşa aviareys olmadığı üçün qərara gəldik ki tranzit reysdən istifadə edək. Ən uyğunu Milan üzərindən getmək oldu. Qeyd edim ki, Milanın Bergamo aeroportundan uçuşlar çox ucuz qiymətədir və əksər low-cost aviaşirkətlər bu hava limanından uçur.


Budapeşt-Milan: 26 avro (www.ryanair.com)

Beləliklə, Milana gəldik çıxdıq. Portuqaliyaya uçuşumuz gecə olduğu üçün Milanı axşama kimi gəzməyə qərar verdik və gecə kecəndən sonra səhərə yaxın Lissabona uçduq.


Milan-Lissabon: 49 avro (www.ryanair.com)

Lissabon Atlantik okeanın sahilində yerləşən olduqca gözəl şəhərdir, 4 gecə burda qaldıq.


Lisbon Soul Hostel: – 4 gecə, 42 avro (www.hostelworld.com)

Hostel haqqında onu deyə bilərəm ki, olduqca rahat, komforlu yer idi, özümüzü evdəki kimi hiss edirdik. Lissabonda kafelərdə yemək çox da baha deyildi, həmçinin hosteldə yemək bişirmək üçün bütün şərait var idi. Dörd  gün burda qalıb, “Okeandayam qaqa, üzürəm”-dən sonra Parisə uçduq. Transavia şirkəti ilə oldu uçuşumuz, ilk dəfə idi bu şirkətdən istifadə edirdim. Təyyarə yeni və çox rahat idi.


Lissabon-Paris: 26 avro (www.transavia.com)

Parisdə oteldə qalmağa qərar verdiyimiz üçün birbaşa otelə yollandıq. Şəhər bahalı olduğu üçün mərkəzdəki hostellə mərkəzə yaxın otelin qiyməti eyni oldu, buna görə oteli seçdik.


Ibis Hotel Paris 3*: 2 gecə, 51 avro (www.booking.com)

Parisdə mükəmməl bir velosiped icarəsi şəbəkəsi qurulub, 1800 velosiped stansiyası və 30 min velosipedi olan şəbəkədə 1 velosipedin 24 saatlıq icarəsi cəmi 1.7 avro idi. Təbii ki, ictimai nəqliyyatın 1 gedişi 2.2 avro olan şəhərdə belə imkan göydəndüşmə idi və bu imkandan maksimum yararlandıq.

Parisdən sonrakı şəhər Amsterdam oldu. Amsterdama gecə avtobusu ilə getməyi qərara aldıq. 7 saat yol gəldik. Olduqca rahat avtobus idi.


Paris-Amsterdam: 19 avro (www.flixbus.com)

Amsterdam öz soyuq havasi ilə bizi qarşıladı. Burda hosteldə gecələdik 3 gecə.


Shalter City Hostel: 3 gecə, 78 avro (www.hostelworld.com)

Amsterdamdan sonra bizi Almaniyanın qərb paytaxtı Düsseldorf şəhəri gözləyirdi. Bu şəhər bütün gözləntiləri doğrultdu və təbiəti ilə bizi heyran etdi.


Amsterdam-Düsseldorf: 15 avro (www.meinfernbus.de)

Düsseldorfda oteldə qaldıq, tam mərkəz sayılırdı. Şəhər balaca olduğu üçün düşündük ki, 2 gün bəs edər gəzməyə. Amma siz gedəsi olsanız 4 gün minimum bu şəhərə ayırın, olduqca maraqlı şəhərdir. Gözəl parkları, təbii gölləri, retro avtomobil salonu, kino muzeyi və s. olduqda xoş xatirələr saxladı.


Antares Hotel 3*: 1 gecə, 22.5 avro  (www.booking.com)

Geriyə qayıdanda bir gecə Budapeştdə qaldıq. Son 1 ildə şəhərdə köklü inkişaf hiss olunurdu.


Düsseldorf-Budapest: 40 avro (www.germanwings.com)

Budapeştdə Colors Hosteldə qaldıq, mərkəzdə idi, səhər yeməyi daxil idi qiymətə.


Budapest Colors Hostel: 1 gecə, 12 avro (www.hostelworld.com)

Budapeşt-Kutaisi: 50 avro (www.wizzair.com)



Beləliklə nəticə:
 260.0 Avro  aviabiletlər və avtobus biletləri
 205.5 Avro  otel və hosteldə gecələmək
 46.5 Avro  viza+viza görüşməsi
 11.5 Avro  səyahət sığortası
 37 Avro  Bakı-Kutaisi-Bakı
 Cəmi məbləğ: 560.5 Avro  

PS: “Dostlar, bu səfər hər hansı bir tur deyil, fərdi şəkildə hazırlanmış marşrutdur.”