1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30 radələrində keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Yalnız Bakıda deyil, digər günlərdə rayonlarda da əliyalın əhali üzərinə silahlı hücumlar olmuşdur. Beləliklə, həmin hadisələr zamanı Bakı və bölgələr daxil olmaqla 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.
Qanlı gecədə vətənimizin mərd oğulları tanklar altında qalaraq şəhid oldu. Yoldan keçərkən hadisənin mahiyyətini belə anlamayan neçə-neçə günahsız vətəndaşlar atəşə tutulmuşdur.
1989-cu ildə xalqın cəsur nümayəndələri indiki Azadlıq Meydanında “azadlıq” şüarlarını səsləndirərək ölkənin azadlığını tələb etdilər. Həmin il Azərbaycan xalqı “İlin ən mübariz” xalqı elan olmuşdur. Xalqdakı bu vətənpərvərliyi, cəsarəti görən işğalçılar təbii ki, bundan narahat olmuşdur. 1990-cı ildə isə məlum hadisəni törətməklə müstəqilliyinə qovuşmaq məqsədilə milli-azadlıq hərəkatına başlamış Azərbaycan xalqını qorxutmağa çalışdılar, ancaq bunu bacarmadılar.
20 Yanvar Azərbaycan tarixinə qara hərflərlə yazılsa da, ölkəmizin həm də ən şərəfli günüdür. Bu faciə yox, qürurdur bizlər üçün, çünki, məhz həmin ildən etibarən Azərbaycanda “azadlıq” şüarları daha da artdı. Vətəndaşların ürəyindəki azad olmaq eşqi onları daha da mübariz etdi.
Sonrakı illərdə Azərbaycanı yenidən xalq kimi birləşməyə ruhlandı. 1991-ci ildə ölkəmiz azadlığına yenidən qovuşdu.
Azərbaycan xalqı müstəqillik yolunda həyatlarını qurban vermiş oğul və qızlarını unutmur və məhz bu səbəbdən, hər il olduğu kimi, 20 Yanvar günü xalq öz şəhidlərinin məzarını ziyarət edir və ehtiramını bildirir.