Azərbaycan musiqisini dünyanın müxtəlif qitələrində səsləndirən, onu yorulmadan təbliğ edən, tanıdan istedadlı bəstəkar və böyük dirijor Niyazi milli musiqimizin tarizində əhəmiyyətli yer tutur. Qeyri-adi dirijorluq istedadı ilə bu sənətkar Azərbaycanda milli dirijorluq məktəbinin inkişafında mühüm rol oynamışdır. Onun ifaçıllıq fəaliyyəti rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri ilə, Azərbaycan Opera və Balet Teatrı ilə sıx bağlı olmuşdur. Niyazi həmçinin bir müddət Leninqraddakı (indiki Sankt-Peterburq) Kirov adına Opera və Balet teatrında baş dirijor vəzifəsində çalışmışdır.
Niyazi keçmiş və müasir dövr Avropa musiqisinin bənzərsiz təfsirçisi olmuş, Azərbaycan bəstəkarlarının əsərlərinin təbliği naminə var gücünü sərf etmişdir. O, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, S.Hacıbəyovun, A.Məlikovun əsərlərini məharətlə ifadə etmiş, onları sanki yeni boyalarla zənginləşdirmişdir. Niyazi Avropa və Asiyanın bir çox ölkələrində uğurlu qastrol səfərlərində olmuş, öx yüksək məharətini nümayiş etdirmişdir.
Bir bəstəkar kimi də Niyazi milli musiqimizin xəzinəsinə dəyərli töhfələr vermişdir. Onun hind yazıçısı və mütəfəkkiri R.Taqorun əsərləri əsasında yazdığı “Çitra” baleti, Nizamidən bəhrələnərək bəstələdiyi “Xosrov və Şirin” operası, bunlardan əlavə, “Rast” simfonik muğamı, eləcə də ayrı-ayrı mahnıları (“Arzu”, “Təbrizim”) incə lirik duyumu, rəngarəng musiqi dili, orkestr boyalarının xüsusi zənginliyi ilə fərqlənir.
Niyazi musiqisi, Niyazi sənəti 20-ci əsr Azərbaycan musiqisinin ən şanlı səhifələrindəndir.