Uşaq işçiliyinə və köləliyə qarşı mübarizə aparan Iqbal, Pakistanın ən yoxsul bölgələrindən biri olan Mudrike’də doğulmuşdu. Iqbal Masih 4 yaşına çatanda isə bütün qohumları kimi 600 rupi, yəni təxminən 16 dollar qarşılığında xalça toxuma fabrikində işləmək üçün satılıb. Burada həftənin 7 günü 14 saat işlədilirdi. 10 yaşına çatanda çəkisi 27 kilo idi.
Uşaq əməyinin qadağan olunduğunu öyrənəndə fabrikdən qaçan Iqbal Masih daha sonra polislər tərəfindən tutularaq təkrar fabrikə aparılmışdı. Әtrafında özü kimi danışmağa belə qorxan 30 uşaqla birlikdə həbs olunaraq 6 il məhbus həyatı yaşadı. Uşaqların demək olar ki, hamısına sadəcə həyatda qalmalarına çatacaq qədər su və yemək verilirdi, təbii ki, bunun da bir səbəbi var idi: Onları mümkün olduğu qədər balaca saxlamaq.. Çünki ən bahalı xalçaları ancaq o kiçik barmaqlar toxuya bilirdi.
Cəzaların çox ağır olduğu bu köləlik sisteminə Iqbal hələ körpə ikən girməsinə baxmayaraq 6 yaşına çatanda üsyan etməyə və uşaqların baxıcılarına qarşı mübarizə aparmağa başlamışdı. Yanlış qidalanma və əyilərək saatlarla oturmağın nəticəsində Iqbal inkişaf edə bilməmişdi. 10 yaşındaykən, 5 yaşlı uşağın kilosuna və boyuna sahib idi. Onurğası əyilmişdi və ömrünün sonuna qədər böyrək problemləriylə mübarizə aparacaqdı.
6 il ərzində əsir halda həyat mübarizəsi aparan Iqbal bir gün qəsəbədə Bonded Labor Liberation Front (BLLF) adlı aktivist bir qrupun yığıncağı olduğunu eşitdi. Aldığı böyük riskə baxmayaraq o gün bir şəkildə digər uşaqların da köməyiylə və onlara geri dönəcəyinə dair söz verərək BLLF’in yığıncağına getmək üçün yeraltındakı köhnə fabrikdən qaçdı. Artıq 10 yaşlı Iqbal Pakistan dövləti tərəfindən peshgi’nin (bir növ sələmçilik borcu) qeyri-qanuni elan edildiyini öyrəndi. Dərnəyin liderləri ilə danışıb, onların yardımını istəyən Iqbal qısa müddətdə onu kölə taciri müdirlərinin əlindən xilas edəcək lazımlı sənədləri hazırladı.
Sənədlərini fabrik sahibinə şəxsən vermə mövzusunda israr etdi, çünki orada yoldaşlarına səslənə biləcəkdi: “Qorxmayın. Hər şeyi öyrəndim. Mənimlə gəlin. Sizlər azadsınız. “ Fabrikə geri dönüb sənədləri müdirinə verəndə, müdir hirsindən özünü itirsə də heç bir şey edə bilməmiş və Masih digər uşaqları da ardınca apararaq, ilk gündə özü ilə birlikdə 34 uşağın azad olmasına nail olmuşdu.
Kiçik bir bədənə sahib olmasına baxmayaraq böyük bir ruha sahib olan Iqbal Masih kölə kimi davranılmasına və kiçik olmasına baxmayaraq ağır şərtlərdə işlədilən uşaqların hüquqları üçün böyük səy göstərdi. Iqbal müqavimətin və oyanışın simvolu oldu. Danışma qabiliyyəti, cəsarəti və əzmi ilə Pakistan tarixində şübhəsiz ki, önəmli yer qazandı.
İsveçrə və Amerikada bir çox məktəbdə çıxış edən Iqbal fərqində olmadan başqa uşaqların da həyatını dəyişdirirdi. Uşaq işçiliyinə qarşı apardığı mübarizə dünya səviyyəsində tanınmağa və səs gətirməyə başlayanda 1995-ci ildə 12 yaşındaykən öldürüldü. Öldürüləndə 12 yaşında olan Iqbal Masih’in bu ölümü ört-basdır edildi və hər kəs susduruldu. Lakin Iqbal Masih öldürülmüş olsa belə, onun izindən gedənlərə böyük bir cəsarət vermişdi. Onun təsir və mübarizə ruhunu qazandırdığı uşaqlardan biri olan Craig Kielburger onun yarımçıq qaldığı yerdən mübarizəni davam etdirməyə davam etdi. Free The Children dərnəyini qurdu və 650 çox məktəb açdı.
Sən isə rahat yat balaca… Bildiyin kimi dünya hələ də ədalətsiz, hələ də çirklidir…