Dəmir kimi möhkəm. Təbiətdə elə ağac növləri var ki, onların oduncağı dəmir kimi davamlı, qurğuşun kimi ağır və eyni zamanda elastikdir. Suya atdın, ağırlıqdan dərhal batır, suyun dibinə gedir; o qədər möhkəmdir ki, ondan bəzən dəmir əvəzinə maşın hissələri də düzəldilir, bədii məmulat, dekorativ faner hazırlanır. Bu ağacın adı dəmirağacıdır. Bizim Hirkan meşələrinin nadir sakinləridir. Dəmirağacı 200 il yaşasa da, boyları 14-25 m-dən hündür olmur. Hal-hazırda itib gedən, nəsli kəsilən bitkilər sırasındadır.

    Ağac da süd verərmiş. Cənubi Amerika meşələrində süd verən ağaclar da var. Onlar elə belə də adlanırlar: süd ağacı. Ağacın hər hansı yerini çərtdikdə oradan günərzində 2-4 litr və daha çox süd “sağmaq” olar. Bu süd həm tərkibinə, həm də tamına görə inək südünə çox bənzəyir. Yerli əhali bu südü içməyi və ondan bir sıra yeməklər hazırlamağı çox sevir.

    “Qanlı” yağışlar haradan gəlir? Artıq bu bir faktdır ki, bəzi yerlərə qırmızı yağışlar yağır. Hətta dağlara da hərdən qırmızı rəngli yağış düşür. İndi özünüz fikirləşin, bu “qanlı” yağışlar keçmişdə insanları nə qədər dəhşətə gətirmiş, onları nə qədər qorxutmuşdur. Əslində isə bu qarın, yağışın heç bir əlaqəsi yoxdur. Sən demə, yağıntılara qırmızı rəng verən ölçüləri nöqtə boyda olan çox xırda yosunlardır.

    Ən uzun kök – Cənubi Afrika fikusuna mənsub olub. Onun uzunluğu 120 metrə çatırmış.

    Ən iri bitki – ABŞ-ın Kaliforniya ştatında bitən “general Şerman” adlı sekvoyadır. Onun hündürlüyü 83 m, gövdəsinin əhatəsi isə 24,1 m-ə çatır. Onun oduncağı 5 milyard kibrid dənəsi və ya 40 birmərtəbəli ev tikmək üçün kifayət edə bilər.

    Ən xırda çiçəkli bitki – Volffia arrxiza ryaskadır. Onun yarpaqlarının ölçüləri 0,65-1,2 mm-dir. Sizin dırnağınızın üstündə 25 belə yarpaq yerləşdirmək olar.

    Ən uzunömürlü bitki – Antarktida şibyəsi hesab olunur. Onun yaşı hesablamalara görə, 10 min ildən çoxdur. Alyaskanın bəzi şibyələri 9000 il yaşayırlar, 100 il ərzində o, cəmi 3,4 mm boy atır.

    Ən nadir çiçək açan bitki – And dağlarında bitən Puyya raymondi bitkisi 150 yaşına çatmamış çiçək açmır. Maraqlı məqam burasındadır ki, çiçək açdıqdan sonra bu bitki məhv olur.

    Ən dözümlü toxum – Kanadanın donuşluq torpaqlarında tapılmış arktika acı paxlasıdır. 10-15 min il donuşluq torpaqlarda qalmasına baxmayaraq, bu toxum həm cücərmiş, həm də çiçək açmışdır.

    Ən iri su bitkisi – Amazonkanın nəhəng su zambağı Viktoriya iri su bitkilərinin şahı sayılır. Onun 2 m diametrli yarpaqları hətta uşağı belə üstündə saxlaya bilir.