Əli və Nino — ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P. Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanı. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşaiyət olunduğu üçün dünyada qəbul olunmuş əsas variant hesab olunur. Betti Bleyer və başqaları onun müəllifliyini dana bilmir, lakin əsəri Y.V. Çəmənzəminlidən əldə etdiyini isbat etməyə çalışırlar.
Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri “Əli və Nino”nun keçən əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.
Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli təsdiqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq etmişdir.
Əsərin qısa məzmunu
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə “tərəqqe etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır.
Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.
Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.
Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.
Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir.
Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şavanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.
“Əli və Nino”nun Azərbaycan dilinə tərcüməsi
Qurban Səidin alman dilində yazdığı və alman dilində ilk dəfə 1937-ci ildə Vyana şəhərində çap edilmiş “Əli və Nino” romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində “Azadlıq”radiosunda qismən tərcümə olunub radio proqramı şəklində efirdə səsləndirilmişdir.[1] O zaman əsər almancadan ingiliscəyə, ingiliscədən türkcəyə tərcümə olunmuşdu. Radiodakı tərcümə əsas etibarilə Türkiyətürkcəsindən dilimizə keçirilmişdir. 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədr müavini, “Azərbaycan” ədəbi-bədiii jurnalının baş redaktoru, yazıçı, mərhum Yusif Səmədoğlunun şəxsi xahişi əsasında “Əli və Nino” romanı tanınmış jurnalist və publisist, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının o zamankı baş redaktoru Mirzə Xəzər tərəfindən almancadan tam olaraq Azərbaycan dilinə tərcümə edilmişdir.[2]Mirzə Xəzər əsərin Azərbaycan dilində olan mətnini 1989-cu ilin sentyabrında Hollandiyanın paytaxtı Amsterdamda Yusif Səmədoğluna təhvil vermişdir. Azərbaycanda siyasi vəziyyət gərginləşdiyi və sonradanQara Yanvar faciəsi baş verdiyi üçün romanın çapı ləngidi. Nəhayət 1990-cı ilin mart-aprel-may aylarında əsərin Mirzə Xəzərin tərcüməsində mətni “Azərbaycan” jurnalının 3 nömrəsində tam olaraq çap edildi.Mirzə Xəzərin tərcüməsində “Əli və Nino” romanı dəfələrlə nəşr edilmiş və indiyədək nəşr edilir, böyük maraqla Azərbaycanda oxunur. Mirzə Xəzər romanın tərcüməsi üçün ona ayrılan qonorarı, 5 min sovetmanatını Yusif Səmədoğluna Münhendən vəkalətnamə verərək 1990-cı il Qara Yanvar günlərində həlak olmuş şəhidlərdən birinin ailəsinə verilməsini xahiş etmişdir. Onun xahişinə əməl olundu, qonorar Bakıda şəhid ailəsinə təqdim olundu.