Deyir, çukça nəşriyyat direktorunun yanına gəlir və yazdığı romanın əlyazmasını verib, çap olunmasını istəyir. Direktor baxır ki, cəfəngiyyat şeylərdi. Aralarında dialoq başlayır:
– Çukça, sən Dostoyevskini oxumusan?
– Yox!
– Bəs Tolstoyu?
– Yox!
– Çexovu necə?
– Yox!
– Sən, ümumiyyətlə, hansısa yazıçını oxumusanmı?
– Direktor, çukça oxucu deyil, çukça yazıçıdır…
Azərbaycan EA Milli Münasibətlər İnstitutu tərəfindən nəşr olunmuş «Dünya xalqları» Ensiklopedik məlumat kitabından oxuyuruq: “Çukçalar – Maqadan vilayətinin Çukot Muxtar Mahalının əsas əhalisi. Saxa (Yakutiya) Respublikasında yaşayırlar. Sayları 15 mindir. Özlərinin ümumi – luoravetlan (əsl adamlar) adı bütün xalqa aid edilməyib. Maralçılıqla məşğul olan çukçalar özlərini çauçular, çavçular, sahildə yaşayanlar ankalın adlandırırlar”. Yeri gəlmişkən, özlərini «əsl adamlar» sayan çukçalar barələrində qoşulan lətifələrə-filana baxmadan bizləri, yəni çukça olmayanları, ümumiyyətlə, adam hesab eləmirlər…
Çukçalar əsasən çukot, bəzən rus dilində danışır, yazıda rus qrafikası əsasında olan hərflərdən istifadə edirlər. Çukçalarla bağlı tərtib edilmiş etnogenetik sxem bu xalqın Çukotkada aborigen olduqlarını təsdiq edir. Müasir çukçaların dədə-babaları bu yerlərdə eramızdan əvvəl 4-3-cü əsrdə formalaşıblar. Əsasən maralçılıqla məşğul olan çukçaların təsərrüfatları vətənlərinin sərt qışına uyğun şəkildə qurulub. Çukçaların ruslarla ilk təmasları 17-ci əsrin əvvəllərində Kalıma və Anadır çayının sahillərindəki ərazilərdə olub. Ancaq elə birinci görüşdəncə qarşı tərəflər silahlara əl atmağa üstünlük verirlər. Belə ki, rusların onları təbəəliyə dəvət eləyərək xərac istəmələri həmin vaxta qədər hürr yaşamış çukçaları narazı salır…